Əliyevin yeni formulu - əks halda neft və qeyri-neft ölkələri üz-üzə gələcək...
Fuad İbrahimov: “Hasilatı olan ölkələrin özünü bu işlərdə aktiv iştirakçıya çevirmək lazımdır”
“Neft və təbii qaz ehtiyatları ilə zəngin olan ölkələrə münasibətdə ədalətli olmalıyıq”. Bunu Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında deyib.
Ölkə başçısının fikrincə, əks təqdirdə vəziyyət fərqli ola bilər: “Bu ölkələrin günahı deyil ki, onlarda neft və qaz var. Onlar buna görə günahlandırılmamalı və onlara qarşı ayrı-seçkilik olmamalıdır. Hesab edirəm ki, qazıntı yanacağına malik olan ölkələrin fəaliyyəti onların ətraf mühitin müdafiəsi, yaşıl enerjiyə keçid məsələlərini necə həll etdikləri baxımından qiymətləndirilməlidir. Yalnız bundan sonra, ədalətli təhlildən sonra bu ölkələr barədə mühakimə yürütmək olar. Əks təqdirdə, biz neft və qaz istehsal edən ölkələr və bu resurslara malik olmayan ölkələr arasında sanki ayırıcı xətlər görəcəyik”.
Məsələ ilə bağlı baki-xeber.com-a açıqlama verən iqtisadçı-ekspert Fuad İbrahimov hesab edir ki, ölkə başçısının arqumentləri tamamilə əsaslıdır: “Məsələ ondadır ki, dünyada ənənəvi enerji ehtiyatları olan ölkələrin ətraf mühitə təsirinin qiymətləndirilməsi nöqteyi-nəzərdən tələblər böyükdür. Yəni onlardan sürətli şəkildə ətraf mühitə təsiri olmayan enerji mənbələrinə keçmələrini hardasa tələb edirlər. Eyni zamanda, məhz təbiətdə gedən və ekologiyada olan problemləri yeri gəldi-gəlmədi ənənəvi enerji resursları ilə əlaqələndirirlər. O cümlədən, qazıntı yanacağının hasilatının minimuma endirilməsini tələb edirlər. Hətta hasilatın tam dayandırılmasını da istəyirlər. Ancaq nəzərə almırlar ki, ənənəvi enerji hasilatı ilə məşğul olan ölkələrdə bu keçidi birdən-birə təmin etmək mümkün deyil. Bu da istər-istəməz ölkələr arasında sanki qarşıdurma yaradır. Hesab edirəm ki, bu, doğru deyil. Birdən-birə ənənəvi enerji resurslarının hasilatından imtina etmək mümkün deyil. Azərbaycan isə bu ölkələr arasında sanki bir sabitlik yaradır. Azərbaycan o ölkələrdəndir ki, alternativ enerji mənbələrinin inkişafına böyük sərmayələr yönəldir. Ölkədə günəş, külək enerjisi hesabına elektrik enerjisi istehsal edən təsisatlar yaradılır. Özü də tək yerli sərmayə hesabına deyil, xarici investisiyalar hesabına bu sahələr inkişaf etdirilir. Təsadüfü deyil ki, ətraf mühitin qorunması və qiymətləndirilməsi ilə bağlı noyabrda COP29 tədbiri Azərbaycanda keçiriləcək. Bir sıra dövlətlər tədbirin ölkəmizdə keçirilməsinə qarşı idilər. Bunu onunla əsaslandırırdılar ki, ənənəvi enerji resursları, hasilatı olan Azərbaycan bu tədbiri keçirə bilməz. Guya hasilatı olan dövlətlərdə belə tədbirin keçirilməsi məsələnin fəlsəfəsinə uyğun gəlmir. Ancaq sağlam xarici siyasət, ən başlıcası isə diskussiyalarda fikir izah etmə qabiliyyətləri bu maneələri keçməyimizə imkan yaratdı. Əsasən də Prezident Əliyevin beynəlxalq platformalarda tutarlı və əhatəli çıxışları bu işdə mühüm rol oynadı. Hasilatı olan ölkələrin özünü bu işlərdə aktiv iştirakçıya çevirmək lazımdır. Yoxsa bu ölkələrlə digər ölkələri ayırıb qarşı-qarşıya qoymaq olmaz. Bu nöqteyi-nəzərdən ölkə rəhbərinin çıxışı bir ismarıc idi”.
Vidadi ORDAHALLI