Lerikdə 1 saylı məktəb-liseydə maarifləndirici tədbir keçirildi
İndi bəşəriyyəti daha çox narahat edən, düşündürən məsələlərdən biri narkomaniyadır. Təəssüflər olsun ki, bizim respublikamızda da bu bəladan əziyyət çəkənlər çoxdur. Odur ki, narkomaniya ilə mübarizə yeni istiqamətlərin və metodların tətbiqini zəruri edir.
Bu günlər dağlar diyarı Lerik rayonunda narkomaniya, erkən nikah və kibercinayətkarlıqla mübarizə mövzusunda maarifləndirici tədbir keçirilib.
Rayon İcra Hakimiyyəti, Polis şöbəsi, Mədəniyyət Mərkəzi və Təhsil Sektorunun birgə təşkilatçılığı sayəsində A.Nuriyev adına şəhər 1 saylı texniki fənlər təmayüllü məktəb-liseyində baş tutan tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov, Polis Şöbəsinin rəisi, polis polkovniki Ramil Mustafayev, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi, Lerik rayonu üzrə nümayəndə Müqəddəs Dənziyev, Gənclər və İdman sektorunun müdiri Natiq İsaqov, Lerik Rayonu üzrə Təhsil sektorunun müdiri Zöhrab Salayev, A.Nuriyev adına 1 saylı texniki fənlər təmayüllü məktəb-liseyinin sinif şagirdləri, pedaqoji heyəti və valideynlər iştirak ediblər.
Vətən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılmaqla başlanan tədbirdə əvvəlcə mövzu ilə bağlı film nümayiş olunub.
Mövzu haqqında çıxış edən natiqlər bildiriliblər ki, ölkəmizdə başlıca vəzifə olan sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında narkomaniyanın qarşısının alınması, narkotiklərlə mübarizə dövlət siyasəti olaraq mühüm yer tutur. Sözügedən problemin həllinə xidmət edən mühüm addımlardan biri preventiv tədbirlərin aparılması, o cümlədən maarifləndirmə işinin lazımi səviyyədə görülməsidir.
Görüşdə, həmçinin müvafiq məsələlərə dair fikir və təkliflər irəli sürülüb, polis polkovniki Ramil Mustafayev tərəfindən şagirdləri maraqlandıran suallar cavablandırılıb.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü