Minimum pensiya minimum əmək haqqından 70 manat azdır - niyə?..
Elşad Məmmədov: “Son illər ərzində ölkədə pensiya və əmək haqqının artımı ilə bağlı müsbət yanaşma ardıcıl şəkildə davam etdiriləcək”
Azərbaycanda maaş, pensiya və müavinətlərin yenidən artırılacağı ilə bağlı müzakirələr başlayıb. Minimum pensiyanın 350 manata qaldırılması söhbətləri gedir və bu müzakirə, təbii ki, cəmiyyətin diqqətini cəlb edir. Mümkündürmü, minimum pensiya 350 manata qaldırılsın?
Məlumat üçün qeyd edək ki, hazırda minimum əmək haqqı 345, minimum pensiya 280 manatdır. Minimum pensiya ilə minimum əmək haqqı arasında 70 manat fərq var. Bunları bərabərləşdirmək olmazmı?
“Sosial sferada müşahidə edilən şəffaflıq nəticəsində yeni iqtisadi resurslar əldə olunub, bütün bu amillər onu deməyə əsas verir ki, ardıcıl şəkildə minimum əmək haqqı və pensiyaların artımı mümkün ola bilər”
İqtisad Universitetinin (UNEC) professoru, iqtisad üzrə elmlər doktoru Elşad Məmmədov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, son illər ərzində ölkədə qabaqlayıcı şəkildə pensiya və əmək haqqının artımı ilə ilə bağlı müsbət yanaşma ardıcıl şəkildə davam etdirilir və etdiriləcək. Biz minimum pensiya və əmək haqlarının artımını gözləyə bilərik. Bu gözləntilər reallığa uyğundur. Bunun nə vaxta reallaşacağı isə yalnız ölkə prezidentinin səlahiyyətində olan məsələdir. Hesab edirəm ki, məlum mövzu ilə bağlı Prezident İlham Əliyevin müvafiq qərarı olandan sonra bizim konkret fikir bildirməyimiz düz olardı. Ancaq bir tərəfdən inflyasiya ilə bağlı meyllər və ölkə rəhbərinin sosial gündəliyi prioritet saxlaması bu mövzunun vacibliyini gündəmə gətirir”.
Professor xüsusi olaraq vurğuladı ki, son illər ərzində sosial sferada müşahidə edilən şəffaflıq nəticəsində yeni iqtisadi resurslar əldə olunub. Bütün bu amillər onu deməyə əsas verir ki, ardıcıl şəkildə minimum əmək haqqı və pensiyaların artımı mümkün ola bilər.
Günel CƏLİLOVA