Rusiya nüvə silahından istifadə etməyə həmişəkindən daha yaxındır - GİZLİ SƏNƏDLƏR SIZDI...
Rusiyanın Ukraynanı işğal etmək cəhdi üçüncü ilinə qədəm qoydu. Moskva-Kiyev xəttində sülhün bərqərar olması səylərinə baxmayaraq, iki ölkə arasında gərginlik artmaqda davam edir.
Rusiyanın hücumlarını aralıqsız davam etdirməsi Qərb dövlətlərində də qorxu yaradıb. Rusiyanın mümkün hücumuna qarşı silahlanmağa və müdafiəyə hazırlaşan Avropa dövlətlərinin ən böyük narahatlığı isə Rusiyanın əlində olan nüvə silahıdır...
Müharibə başlayandan bəri Rusiyanın istənilən vaxt nüvə silahına əl ata biləcəyi iddiaları Qərb mediasında tez-tez gündəmə gəlir. Mövzu ilə bağlı bu dəfə Britaniyanın "Financial Times" nəşri ələ keçirdiyini iddia etdiyi Rusiyaya aid gizli hərbi sənədlərdə Kremlin nüvə silahından nə vaxt istifadə edə biləcəyi ilə bağlı mühüm ipuçları olduğunu gündəmə gətirib.
Qəzeti 2008-2014-cü illər arasında Rusiyanın nüvə müharibəsi ilə bağlı strateji planlamasını göstərən 29 hərbi faylın qeydə alındığını bildirib. Sızdırılan hərbi sənədlərə görə, Kreml nüvə silahının hansı vəziyyətlərdə istifadə olunacağı ilə bağlı bir sıra ssenarilər üzərində işləyib.
Qeyd edilir ki, Kremlin nüvə ssenariləri arasında düşmənin Rusiya ərazisinə hücumu ehtimalı prioritetdir. Digəri isə strateji əhəmiyyətli sualtı qayıqları hədəf alan hücumlardır. Əgər Rusiya ballistik raket sualtı qayıqlarının və ya nüvə enerjisi ilə işləyən qayıqların 20 faizini itirərsə, buna nüvə ilə cavab verə bilər.
Sızdırılan məxfi sənədlərə görə, yaxın dostluğa baxmayaraq, Rusiyanın Çinlə bağlı da dərin narahatlıqları var. Sənədlər Rusiyanın mümkün Çin işğalına qarşı da hazır olduğunu ortaya qoyur. Çin Xarici İşlər Nazirliyi isə Moskvadan şübhələnmək üçün heç bir əsaslarının olmadığını bildiriblər.
Qəzet həmçinin iddia edib ki, Rusiya nüvə silahları Avropa və Asiyanı əhatə edən döyüş meydanları üçün hazır vəziyyətə gətirilib.
Sızdırılan məxfi sənədlərlə bağlı Rusiyadan da reaksiya gəlib. "Əhəmiyyətli olan nüvə silahından istifadə həddinin tamamilə şəffaf olmasıdır. Sözügedən sənədlərə gəlincə, onların həqiqiliyinə qəti şəkildə şübhə edirik" - Putinin sözçüsü deyib.
Ekspertlər bildiriblər ki, sənədlər Rusiya ordusunun Ukraynanı işğal etməzdən əvvəl keçirdiyi təlimlərə bənzəyir. Rusiyanın son ritorikasına diqqət çəkən ekspertlər bildirib ki, bu Rusiyanın küncə sıxışdırılacağı və işğal olunmuş ərazilərin itirilməsi ilə üzləşəcəyi təqdirdə nüvə silahından istifadə etməyə nə qədər hazır olacağını göstərir.
Tahir TAĞIYEV