Lənkəranın baxımsızlıqdan yararsız hala düşən küçələri...
Lənkəranda uzun illər təmir üzü görməyən, dağılıb yararsız hala düşən, gediş-gəlişi təhlükəli kənd yolları və küçələr çoxdur. Əlaqədar qurumlar da vəziyyətdən yaxşı xəbərdardır. Dəfələrlə əhali tərəfdən onlara müraciətlər olub. Amma cənubun mirvarisi sayılan Lənkəranın adına xələl gətirən, baxımsız yolların qaydaya salması söz olaraq qalır.
Bir neçə misal. Qumbaşı Lənkəran rayonunun böyük kəndidir. Burada Birinci Qarabağ müharibəsi şəhidi İslam Həsənovun adını daşıyan küçə var. Çoxdan unudulan küçədə yaranan dəlmə-deşiklər sakinlərin hərəkətinə maneçilik törədir. Bir balaca yağış yağanda yol gölməçəyə çevrilir. Çox vaxt isə palçığın, toz-torpağın əlindən tərpənmək olmur. Həm də yolda əmələ gəlmiş dərin çuxurlar avtomobilləri tez sıradan çıxardır.
Küçənin yararsız yol örtüyü şəhidin bacısını çox narahat edir. Deyir ki, qardaşım Vətən, xalqının xoş həyatı naminə canını qurban verib. Dağılmış küçə heç onun müqəddəs şəhidlik adına yaraşmır. Dəfələrlə istəmişəm küçəni özüm düzəldim. Amma gücüm çatmayıb. Aidiyyəti qurumlara yalvarmaqdan da yorulmuşam. Yalan vədlər verməklə sanki məni öz başından edirlər.
Lənkəran şəhərində Vətən müharibəsi şəhidi Emil Qurbanovun adını olan küçə daha pis gündədir. Sakinlər bildirir ki, neçə il idi küçənin təmiri heç kimin yadına düşmürdü. Ona şəhidin adını verəndə elə fikirləşdik ki, bundan sonra üstünə asfalt döşənər, toz-torpaqdan canımız qurtarar. Qaldı ki əksini gördük. 3 ilə yaxın müddət keçməsinə baxmayaraq, küçəmizin asfaltlanması həyata keçirilməyib. Nə qədər desək də, eşidən olmur. Yağışlı-qarlı havada gediş-gəlişdə çox əziyyət çəkirik.
Sözün qısası, 2024-cü ilin “Gənclər Paytaxtı” elan olunan Lənkəranda məmurların biganəliyi ucbatından “şəhid” küçələr həm də Vətən naminə müqəddəs şəhidlik zirvəsinə ucalan qəhrəman oğulların ruhlarını narahat edir. Ən azı buna görə insafa gəlməyin vaxtıdır.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü