Devalvasiya söhbəti camaatı necə panikaya salıbsa... Banklarda sıxlıq yarandı…
Azərbaycanda devalvasiyanın olması ilə bağlı bir sıra iddialar vətəndaşlar arasında təşvişə səbəb olub. Vətəndaşlar banklarda olan vəsaitlərini dollara çevirməklə özlərini mövcud risqlərdən qorumağa çalışır, ya da bankdakı əmanətlərini geri çəkirlər.
Hətta bu günlərdə vətəndaşların dollarla bağlı təlaşına görə banklarda uzun-uzadı növbə yaranıb.
Ancaq ekspertlər bu barədə narahatlığa əsas olmadığını diqqətə çatdırır.
Əkrəm Həsənov: “Hazırda dollar ajiotajı ilə bağlı iqtisadi əsas yoxdur”
Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, hazırda dollar ajiotajı ilə bağlı iqtisadi əsas yoxdur: “Məlumat üçün deyim ki, ölkənin kifayət qədər valyuta ehtiyatı var. Neftin qiyməti stabildir, düşmür. Neft hasilatı azalsa da, valyuta gəliri azalmayıb”.
Ekspert tövsiyə edir ki, insanlar son pulları ilə dollar almasın. Çünki insanlara milli valyuta lazım olacaq və belə olan halda vətəndaşlar çətin vəziyyətdə qalacaq.
Eldəniz Əmirov: “Dollara tələbin artması daha çox psixoloji faktorlardan qaynaqlanır”
İqtisadçı ekspert Eldəniz Əmirovun sözlərinə görə, devalvasiyanın olması üçün ölkədə heç bir zərurət yoxdur: “Dollara tələbin artması, düşünürəm ki, hazırkı məqamda daha çox psixoloji faktorlardan qaynaqlanır. İdxalın artmasının səbəb kimi göstərilməsi və birbaşa onunla əlaqələndirilməsi tam özünü doğrultmaya bilər. Buna səbəb odur ki, idxal üzrə olan göstəricilərlə dollara olan tələb arasında düzmütənasiblik yoxdur. Psixoloji təsirlərdən dolayı, insanların bəzi hallarda öz əmlaklarını sataraq, həmçinin, bəzi hallarda manatla olan depozitlərini dollara çevirməsi kimi hallar yaşanır. Burada Mərkəzi Bank tərəfindən, qeyd etdiyim kimi, valyuta intervensiyası həyata keçirilə bilər. Amma birbaşa yox, verbal intervensiya metodu olar ki, bunu da psixoloji gərginliyin azaldılması üçün atılan addım kimi qiymətləndirmək mümkündür. Devalvasiyanın olub-olmayacağı ilə bağlı rəsmi açıqlama dollara olan indiki tələbi və yaranmış gərginliyi azalda bilər. Ancaq bu barədə dəqiq məlumat vermək olduqca çətindir. Əgər üzən məzənnə olsa idi, həmin sualı cavablamaq üçün ehtimal yuxarı səviyyədə olardı. Ancaq bu vəziyyətdə manatın məzənnəsi Mərkəzi Bankdan birbaşa asılıdır. Belə bir durumda onların hansı qərarı verəcəyi barədə öncədən proqnoz vermək çox çətindir. Bir məsələni də qeyd edim ki, hazırda ölkədə devalvasiyanın olması üçün zərurət yoxdur”.
Günel CƏLİLOVA