Hərbçimizə Ermənistanda uydurma ittihamlarla cinayət işi açıldı
Ermənistanda Azərbaycan Ordusunun hərbçisinə qarşı uydurma ittihamlarla cinayət işi açılıb.
Trend xəbər verir ki, Ermənistan KİV-nin yaydığı məlumatda bildirilir ki, Azərbaycan Ordusunun əsgəri Ruslan Pənahov haqqında Ermənistan İstintaq Komitəs tərəfindən təxribata cəhd, qanunsuz silah-sursat saxlama, irqi və dini dözümsüzlük zəmnində adam öldürməyə cəhd maddələri ilə cinayət işi açıb.
Məlumatda o da qeyd olunur ki, müstəntiqin qərarı ilə Ruslan Pənahovun həbsi elan olunub.
Qeyd edək ki, ötən gün Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunub ki, fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.
Ermənistan tərəfi isə dünən açıqlama yayaraq, şərti sərhədi keçən Azərbaycan əsgərinin saxlanıldığını bildirib. Bu gün isə Ermənistan tərəfi əsassız, həqiqətə uyğun olmayan ittihamlarla yenidən öz əsl simasını göstərməkdədir. Təəssüf ki, "insan haqlarından" dəm vuran beynəlxalq təşkilatlar, özlərini insan hüquq və azadlıqlarının müdafiəçisi kimi qələmə verməkdən yorulmayan dövlət və hökumət başçılarının Azərbaycana qarşı İrəvanın bu təxribatlarına bundan əvvəl səssiz olduqları kimi, indi də ağızlartına su alacaqları istisna edilmir.
Ötən gün XİN başçılarının Almaniyada sülh istiqamətində önəmli görüşlərinin baş tutduğu bir vaxtda Ermənistanın bu addımı rəsmi Bakı ilə İrəvan arasındakı sülh danışıqlarına kölgə salmaq, münasibətlərin tənzimlənməsinə mane olmaq, diplomatik əlaqələri gərginləşdirməkdən başqa bir şey deyil.