Rusiya ilə Şimali Koreya arasında gizli razılaşma deşifrə edildi – Moskva ərzaq qarşılığında Pxenyandan silah alır...
Cənubi Koreya hökumətinin məlumatına görə, Şimali Koreya Rusiyaya göndərdiyi milyonlarla sursat müqabilində ərzaq yardımı alır.
Bu barədə açıqlama verən Cənubi Koreyanın müdafiə naziri Şin Von-sik jurnalistlərə bildirib ki, Şimali Koreya iyuldan bəri Rusiyaya 6700 konteyner sursat göndərib.
Konteynerlərin üç milyondan çox 152 millimetrlik top mərmisi və ya 500 min 122 millimetrlik mərmi daşıya biləcəyini ifadə edən Şin, “Yəqin ki, ikisinin qarışığı ola bilər və ən azı bir neçə milyon mərmi göndərildiyini söyləyə bilərsiniz" deyib.
Şimali Koreyadakı silah-sursat fabrikinin xammal və elektrik enerjisi çatışmazlığı səbəbindən gücünün təxminən yüzdə 30-u ilə işlədiyinə diqqət çəkən Şin, Rusiya üçün artilleriya mərmisi istehsal edən fabriklərin isə tam gücü ilə işlədiyini vurğulayıb.
Açıqladığı məlumatların mənbəyini açıqlamayan Şin bildirib ki, Şimali Koreya sursat müqabilində əsasən içərisində ərzaq məhsulları olan 9 min konteyner alıb və bu, ölkədə qiymətlərin tarazlaşmasına kömək edib.
"Rusiyanın nə qədər verəcəyi bəlli deyil, lakin Rusiya Şimali Koreya artilleriya mərmilərindən nə qədər çox asılı olarsa, Rusiyanın texnologiya transferlərinin dərəcəsi də bir o qədər artacaq", - Şin bildirib.
Cənubi Koreyalı nazir əlavə edib ki, Moskva bu kontekstdə texniki yardım göstərməyə davam edərsə, Şimali Koreya gələn ayın əvvəlində daha bir peyk buraxa bilər.
TAHİR