Sığorta şirkətlərinin mütləq çoxu baş girələyir... Səmərəsizliyin səbəbləri...
Rəsul Cahangirli: “Bu, bir sıra sığorta şirkətlərinin səriştəsizliyindən irəli gəlir”
Azərbaycanda sığorta şirkətlərinin bazarda payı artmaq əvəzinə, getdikcə daha bərbad duruma düşür. Bunu ilbəil özünü göstərən statistik rəqəmlərdə də görürük.
Bu ilin təkcə yanvar ayı ərzində ölkədə fəaliyyət göstərən 17 sığorta şirkəti tərəfindən 139 milyon 114 min manat həcmində sığorta haqqı yığılsa da, yığılan sığorta haqqının 76,6 faizi bir şirkətin payına düşüb. Yəni bir ay ərzində toplanan 139 milyon 114 min manatın 106 milyon 512 min manatı bir şirkətin payına düşüb. Bu ilin yanvar ayında ən az sığorta haqqı toplayan şirkətlər isə 260 min manatlıq yığımla “Bakı Sığorta” şirkəti olub. Əgər sığorta haqlarının 80 faizə yaxınını bir şirkət toplayırsa, o zaman bir belə sığorta şirkəti kimə lazımdır? Onların fəaliyyətinin anlamı nədir?
“Tələblərə cavab verməyən şirkətlər bazardan getməlidir”
Məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən ekspert Rəsul Cahangirli bunun səbəbini bir sıra amillərlə əlaqələndirdi: “Hesab edirəm ki, ölkədə 20-yə yaxın sığorta şirkəti fəaliyyət göstərsə də, onların işi qənaətbəxş deyil. Çünki şirkətlərin bəziləri sadəcə şirkət xatirinə fəaliyyət göstərir. Sığorta işinin təşkili ilə bağlı əməli fəaliyyət göstərmirlər. Daha dəqiq desək, bu, bir sıra sığorta şirkətlərinin səriştəsizliyindən irəli gəlir. Halbuki, neçə illərdir bazardadılar, amma yerlərində sayırlar. Fəaliyyətlərini qura və genişləndirə bilmirlər. Əslində isə bazarda bir belə sığorta şirkətinin fəaliyyət göstərməsi ciddi rəqabət mühiti yaratmalı idi. Bazar iştirakçıları daha böyük seçim imkanına malik olmalı idilər. Hansı şirkət daha sərfəli şərtlər təklif edirsə, müştərilər də ona üstünlük verməli idi. Görünən odur ki, bütün bunların heç biri olmadığına görə müştərilər bir-iki şirkətə daha çox üstünlük verir. Bu, tək sığorta şirkətlərinə aid olan məsələ deyil. Banklarla bağlı da analoji vəziyyət hökm sürür. Bankların sayı azalsa da, bu onların keyfiyyətinə, müştəri məmnuniyyətinə müsbət təsir göstərməyib. Ona görə də sığorta bazarında islahatlar keçirilməlidir. Tələblərə cavab verməyən şirkətlər bazardan getməlidir. Bir belə səmərəsiz sığorta şirkətinin bazarda fəaliyyət göstərməsinə ehtiyac yoxdur”.
Vidadi ORDAHALLI