İctimaiyyət erkən nikahlara yer verən restoran sahiblərinə də qəzəblənib...
Fatimə Hacıbəyli: “Müvafiq qurumlar şadlıq saraylarının məsul şəxsləri qarşısında azyaşlıların toyuna razılıq verənlərin məsuliyyətə cəlb olunacağı ilə bağlı tələb qoysa, nəticə əldə etmək olar”
Əsasən, müsəlman ölkələrinin ciddi problemi olan erkən nikah problemi Azərbaycanda da çox müşahidə edilir. Bir zamanlar ölkəmizin ən çox cənub bölgəsinin və Bakıətrafı kəndlərin problemi olan erkən nikahlar bu gün bütün Azərbaycanı cənginə alıb. İndi Azərbaycanın bir çox bölgəsində 14-15 yaşda, hətta bəzən 13 yaşlı qızların ərə verilməsi adət halını alıb.
Azərbaycan qanunverciliyinə əsasən, nikah yaşına (18) çatmayan şəxsin evləndirilməsinə yol verilmir. Cinayət Məcəlləsinin 176-1.2-ci maddəsinə görə, nikah yaşına çatmayan şəxsi evlənməyə məcbur edən şəxslər üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Onu da unutmaq lazım deyil ki, erkən nikahdan xəbər tutan və buna göz yuman şadlıq evləri də az deyil. Bu səbəbdən də ictimai xadimlər şadlıq evlərinin cəzalandırılmasını təklif edir. Yəni erkən yaşda nikaha daxil olan qızlara toy etməyə şərait yaradan restoran sahibləri də cəzalandırılmalıdır.
“Tutalım, şadlıq evi erkən nikaha görə toyun baş tutmasına icazə vermədi, valideynlər harda olsa bu izdivacı həyata keçirəcək, ilk öncə insanların fikri dəyişilməlidir”
“Vəfa” Sosial İctimai Birliyinin sədri Fatimə Hacıbəyli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, erkən nikahlar cəmiyyətin ən böyük problemlərindən biridir: “Erkən nikahın qarşısının alınması ilə bağlı müxtəlif fikirlər, təkliflər səslənir. Səslənən təkliflərdən biri də şadlıq saraylarının evlənənlərdən nikah şəhadətnaməsini tələb etməsidir. Əslində, bu çox yaxşı ideyadır. Ancaq inanmıram ki, şadlıq evləri buna razı olsun. Çünki onlar sahibkardı və pulu düşünürlər. Hesab edirəm ki, müvafiq qurumlar, hüquq-mühafizə orqanları şadlıq saraylarının məsul şəxsləri qarşısında bununla bağlı tələb yoxsa, rəhbərlik etdiyi restoranda azyaşlıların toyuna razılıq verən şəxslərin məsuliyyətə cəlb olunacağı ilə bağlı tələb qoysa, nəticə əldə etmək olar.
Ancaq onu da unutmaq lazım deyil ki, erkən nikahlarla bağlı insanların düşüncəsi dəyişməlidir. Tutalım, şadlıq evi erkən nikaha görə toyun baş tutmasına icazə vermədi, valideynlər harda olsa bu izdivacı həyata keçirəcək. İlk öncə insanların fikri dəyişilməlidir".
Birlik sədri hesab edir ki, qonşuda, qohumda, hansısa ailədə erkən nikah ehtimalı varsa, buna hazırlıq aparılırsa, ictimaiyyət olaraq buna qarşı çıxılmalı, əlaqədar qurumlar xəbərdar edilməlidir. Hər bir vəzifə sahibi, məmur öhdəsinə düşən işi icra etməlidir. Məktəb də buna görə cavabdehdir, yerli icraedici orqanlar da: “Erkən nikahlara görə təkcə qarşı tərəflər deyil, xəbəri bilib gizlədənlər, əlaqədar qurumları xəbərdar etməyənlər də cəzalanmalıdır”.
Günel CƏLİLOVA