Xocalı - qisası alınmış qəhrəman şəhər...
Xocalı soyqırımından düz 32 il ötdü. Belə ki, erməni quldurları 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində insanlığa sığmayan kütləvi qətliam törətdilər. Bunu etməkdə düşmənin məqsədi Azərbaycan xalqını sarsıtmaq, suverenlik və ərazi bütövlüyü uğrunda mübarizədən çəkindirmək idi. Lakin dığalar Azərbaycan xalqının mübarizə əzmini qıra bilmədilər. 44 günlük haqq savaşımızda şanlı ordumuz yağıya qan qusdurub 30 ilə yaxın işğal altında qalan Vətən torpaqlarını azad etməklə Xocalı faciəsinin qurbanların da qisasını aldı.
Respublikamızın hər yerində olduğu kimi, Astara Pedaqoji Kollecində də YAP Astara rayon təşkilatı ilə birgə Xocalı soyqırımının 32-ci ildönümü münasibətilə tədbir keçirilıb. Tədbir Xocalı soyqırımı qurbanlarının və vətənimizin azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılmaqla başlanıb.
Şəhid atası, Astara Pedaqoji Kollecinin direktoru, professor K.Kazımov tədbiri giriş sözü ilə açaraq deyib: - Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Artıq xalqımız 26 Fevral Xocalı soyqırımının anım gününü başıuca qeyd edir, çünki düşməndən istədiyimiz qisası ala bilmişik. Prezident İlham Əliyevin dediyi kimi: “Biz onların cavabını döyüş meydanında verdik, bütün şəhidlərimizin qisasını aldıq, onların qanları yerdə qalmadı”. Ancaq Azərbaycan xalqı Xocalı soyqırımını heç vaxt unutmur və unutmayacaq.
Daha sonra kollecin tarix müəllimi Ülkər İsgəndərovanın Xocalı soyqırımı haqqında geniş məruzəsi dinlənilib. Tədbirin qonaqları Yeni Azərbaycan Partiyasının Astara Rayon təşkilatının sədri Həbib Cəfərov, millət vəkilinin köməkçisi İlham Rəsulov, kollecin tarix müəllimi Elçin Mahmudov çıxışlarında vurğuladılar ki, bu il ilk dəfə Xocalı soyqırımının 32-ci ildönümü bütün Azərbaycan ərazilərində qeyd olunur, o cümlədən hər bir azərbaycanlının mənəvi zərbə və sağalmaz yarası olan Xocalı şəhərində üçrəngli bayrağımız dalğalanır.
“Ailə və ev təhsili” ixtisasının I kurs tələbəsi Aysel Qafarzadənin ifasında “Qisasını almışıq, Xocalı!” şeri səslənib, video-çarx izlənilib.
Yekunda iştirakçılar Xocalı soyqırımına həsr olunmuş sərgiyə baxıblar.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü