MM Səhiyyə komitəsinin iclasında qida təhlükəsizliyi əsas müzakirə mövzusu oldu - FOTO
Fevralın 27-də Milli Məclisin Səhiyyə komitəsinin növbəti iclası keçirilib. Komitə sədri Əhliman Əmiraslanov iclası açaraq gündəliyə “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin daxil edildiyini bildirib.
Əhliman Əmiraslanov qanun layihəsinin komitənin profilinə uyğun baxılacaq “Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında”, “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında”, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” qanunlara təklif olunan dəyişikliklərin “Qida təhlükəsizliyi haqqında” Qanuna uyğunlaşdırılma məqsədilə hazırlandığını bildirib. Komitə sədri dəyişikliklərin əhalinin həyat və sağlamlığının qorunması baxımından əhəmiyyətini diqqətə çatdırıb və sənədlə bağlı ətraflı məlumat vermək üçün sözü Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyevə təqdim edib.
Adil Vəliyev müzakirəyə çıxarılan qanun layihəsində səhiyyə qanunvericiliyinə aid dəyişiklikləri sistemləşdirilmiş şəkildə diqqətə çatdıraraq bildirib ki, bu dörd qanunda ümumilikdə 20 maddə üzrə 31 dəyişiklik nəzərdə tutulub. Şöbə müdiri qeyd edib ki, layihədə bir sıra terminlərin, anlayışların dəqiqləşdirilməsi və əvəz edilməsi təklif olunub. Eyni zamanda “Qida təhlükəsizliyi haqqında” Qanunun qəbulu ilə “Yeyinti məhsulları haqqında” Qanun ləğv edildiyindən qanunların mətnində ləğv edilmiş qanuna istinadın qəbul edilmiş qanunla əvəz edilməsi, həmçinin qida məhsullarının təhlükəsizliyini təsdiq edən sənədlərin adlarının “Qida təhlükəsizliyi haqqında” qanuna uyğun olaraq verilməsi nəzərdə tutulub.
Məsələ ilə bağlı çıxış edən komitə sədrinin müavini Rəşad Mahmudov, komitə üzvləri Kamilə Əliyeva, Müşfiq Məmmədli, Soltan Məmmədov, Məlahət İbrahimqızı, İlham Məmmədov və Kamaləddin Qafarov təklif olunan dəyişikliklərlə bağlı fikirlərini bildiriblər, rəy və təkliflərini səsləndiriblər.
Müzakirələrin yekununda qanun layihəsi baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.
İclasda deputatlar Sədaqət Vəliyeva, Anatoliy Rafailov və Milli Məclis Aparatının məsul əməkdaşlar iştirak edib.
ZÜMRÜD