Ermənilərin arxasındakı böyük dövlətlər növbəti dəfə ifşa edildi...
Məhəmməd Əsədullazadə: “İndinin özündə də qərarlar İrəvanda deyil, Parisdə, Vaşinqtonda qəbul olunur”
Prezident İlham Əliyev Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bəyan etdi ki, Ermənistanın arxasında böyük dövlətlər dayanmasaydı ərazilərimizi işğal edə bilməzdilər:
“Hər birimizin ürəyində qisas hissi var, hər birimiz o qanlı tarixə qayıdanda, o dəhşətli video və fotosənədlərə baxanda bizi qəzəb boğur, 30 il yox, 300 il keçsə də, bu qəzəb bizi buraxmayacaq. Bu təbiidir, biz insanıq, ancaq eyni zamanda, biz böyük xalqın nümayəndələriyik. O xalqın ki, öz gücü ilə o əsarətdən çıxdı, o xalq ki, bir yumruq kimi birləşərək düşmənin belini qırdı, o düşmənin ki, onun arxasında o vaxt və bu gün böyük dövlətlər dayanır. O böyük dövlətlər dayanmasaydı, heç vaxt 1990-cı illərin əvvəllərində bizim torpağımız işğal altına düşməzdi. Biz o vaxt gücsüz idik, onların arxasında böyük qüvvələr dayanmışdı. Bu gün biz güclüyük və bəziləri bizə deyirlər ki, biz rəhm edək, amma onlar bizə rəhm etdilərmi ki?”.
“O zaman Rusiyanın bilavasitə iştirakı və Qərbin dəstəyi ilə Ermənistan ərazilərimizi işğal etdi”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, Ermənistan öz gücü hesabına Birinci Qarabağ müharibəsində ərazilərimizi işğal etmək gücündə deyildi: “O zaman Rusiyanın bilavasitə iştirakı və Qərbin dəstəyi ilə Ermənistan ərazilərimizi işğal etdi. Ermənistana verilən hərbi-siyasi dəstək torpaqlarımızın işğalına səbəb oldu. Yoxsa Ermənistanın bu işğalı həyata keçirmək üçün bu qədər resursu yox idi. O cümlədən, böyük dövlətlərin dəstəyi olmasaydı, Ermənistan 30 ilə yaxın ərazilərimizi işğal altında saxlaya bilməzdi. Böyük dövlətlərin Ermənistana dəstəyi olmasaydı, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi havadan asılı qalmazdı. O baxımdan, Prezident Əliyevin arqumentləri haqlıdır və reallığı əks etdirir. Bütün bunlar bir-biri ilə sıx bağlıdır. Ötən 20 ildə Azərbaycan öz ordusunu inkişaf etdirdi. Ordu müasir silahlarla təchiz edildi, yeni döyüş taktika və strategiyaları öyrənildi. Nəticədə 2020-ci ildə 44 günlük Vətən müharibəsində ərazilərin böyük hissəsi işğaldan azad edildi. Daha sonra 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatları sayəsində bütün Qarabağda suverenliyimiz təmin edildi. Məlum oldu ki, Ermənistan heç də təsəvvür olunduğu kimi güclü deyilmiş. Ermənistan böyük dövlətlərin sayəsində ərazilərimizi işğal etdi. Bir şeyi də nəzərə almaq lazımdır ki, Ermənistan forpost ölkə idi. Bu isə o deməkdir ki, Ermənistandan böyük dövlətlər öz məqsədləri üçün maşa kimi istifadə edirdilər. İndinin özündə də qərarlar İrəvanda deyil, Parisdə, Vaşinqtonda qəbul olunur. Bax, real həqiqət budur. Məhz elə bunun nəticəsidir ki, sülh danışıqlarında ciddi irəliləyiş yoxdur. Çünki bu ölkə müstəqil qərar vermək gücündə deyil”.
Vidadi ORDAHALLI