Xocalıya ən böyük ədalətsizlik böyük dövlətlərdən gəlir...
Yadigar Məmmədli: “Ermənistandan öz geosiyasi maraqlarını həyata keçirmək üçün bir alət kimi istifadə etdilər”
“Əfsuslar olsun ki, “Xocalıya ədalət!” çağırışımız cavabsız qaldı. Düzdür, 18 ölkə bizim səylərimizin nəticəsi olaraq bu qanlı faciəni soyqırımı kimi tanımışdır. Ancaq bu ölkələrin arasında böyük dövlətlərin adları yoxdur. Beynəlxalq təşkilatlar, onların bir çoxu bu faciəyə biganə qalmışdır”.
Bu barədə Prezident İlham Əliyev Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.
Ölkə başçısının sözlərinə görə, Xocalı soyqırımı dünyanın gözü qarşısında baş vermiş qanlı cinayətdir: “Xocalı soyqırımını inkar etmək ədalətsizlik və vicdansızlıqdır. Halbuki, Ermənistan dövləti, o vaxt və bu gün onun arxasında duran eyni qüvvələr, eyni ölkələr əlindən gələni edirdi ki, bu hadisə ört-basdır edilsin, Ermənistan məsuliyyətə cəlb olunmasın, Ermənistana qarşı hər hansı bir sanksiya tətbiq edilməsin və onlar cəzasız qalsın”.
“Böyük dövlətlərdən ən azından biri Xocalı soyqırımını tanısaydı, vəziyyət tam başqa cür olardı”
Məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən media eksperti Yadigar Məmmədlinin fikrincə, həqiqətən də böyük dövlətlər Xocalı soyqırımına biganə yanaşıblar: “Böyük dövlətlərdən ən azından biri Xocalı soyqırımını tanısaydı, vəziyyət tam başqa cür olardı. Ermənistanın işğalçılıq siyasəti, digər xəbis planları daha tez dünyada ifşa edilərdi. Ancaq bunu etmədilər. Niyə? Ona görə ki, Ermənistandan öz geosiyasi maraqlarını həyata keçirmək üçün bir alət kimi istifadə etdilər. Bu səbəbdən Xocalı ilə bağlı ortada olan faktları görməzdən gəldilər. Bir dəfə olsun böyük dövlətlərin parlamentlərində Xocalı soyqırımı müzakirə predmeti olmadı. Nəinki soyqırımın qəbul edilməsi, heç bunun hansısa formada müzakirə olunmasına belə imkan verilmədi. Halbuki, bununla bağlı çoxsaylı faktlar və əsaslar var idi. Çünki Xocalı soyqırımı orta əsrdə baş verməmişdi. Bu soyqırım yaxın tarixdə baş vermişdi. Bu, 20-ci əsrin böyük fəlakətlərindən biri idi. Bütün bunlar bir daha onu sübut edir ki, böyük dövlətlər Xocalı həqiqətlərinin yayılmasında, bununla bağlı gərəkən addımların atılmasında maraqlı deyillər. Düzdür, Azərbaycanın işğal altında olan bütün əraziləri azad etməsi çox önəmli hadisədir. Ən azından ona görə ki, bir çoxları üçün mümkünsüz görünəni biz reallığa çevirdik. Ancaq torpaqların işğaldan azad edilməsi o demək deyil ki, Xocalı soyqırımının dünyada tanınması arxa plana keçməlidir. Əsla bu belə olmamalıdır və davamlı olaraq bu məsələ gündəmdə qalmalıdır. Biz çalışmalıyıq ki, daha çox dövlət Xocalı soyqırımını tanısın. O cümlədən, böyük dövlətlər buna öz qiymətini versin”.
Vidadi ORDAHALLI