Fransa müstəmləkələrində ATƏT və YUNESKO missiyaları...
Əli Orucov: “Gərəkən addımlar atılarsa, işlər görülərsə, bunun ciddi siyasi nəticələri olar”
Xəbər verildiyi kimi, Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə İstanbulda “Dekolonizasiya: İntibah dövrünün başlanğıcı” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda dünyanın 13 ölkəsindən və 5 beynəlxalq təşkilatdan ümumilikdə 50 nümayəndə iştirak edib.
Panel müzakirələrindən sonra iştirakçılar adından Fransa Prezidenti Emmanuel Makrona açıq məktub ünvanlanıb. Məktubda iştirakçılar Emmanuel Makrondan Fransa hökumətinin qanunsuz hərəkətlərini dayandırması tələbini irəli sürərək, bu ərazilərdə mədəni və dini irsin vəziyyətinə dair məruzənin hazırlanması üçün YUNESKO missiyasının həmin bölgələrə göndərilməsinin əhəmiyyətini vurğulayıb, ATƏT-in ətraf mühit, iqtisadiyyat, insan hüquqları və yerli əhalilərin hüquqlarına dair vəziyyətinin öyrənilməsi missiyasının müstəmləkə ölkələrinə göndərilməsi üçün quruma müraciət ünvanlamasına çağırış ediblər. Tədbirin sonunda Fransa hökuməti tərəfindən keçmiş və indiki müstəmləkələrdən oğurlanaraq bu ölkəyə daşınmış 100 mindən artıq maddi və mədəni irs nümunəsinin geri qaytarılması üçün petisiyaya start verildiyi elan edilib.
Bütün bu deyilənlərin fonunda bu missiyanın təşkili, onun həmin müstəmləkələrdə olması hansı nəticəni ortaya qoya bilər?
“Fransa həmin ölkələrə vurduğu maddi-mənəvi zərərə görə kompensasiya ödəməli olacaq”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP funksioneri Əli Orucov hesab edir ki, nəzərdə tutulanlar həyata keçirilsə, bunun çox ciddi siyasi nəticələri ola bilər: “Məsələ ondadır ki, Fransanın qanlı müstəmləkə keçmişi var. Nə qədər Paris bunu danmağa, fransız mədəniyyətinin bəşəriyyətə verdiyi “töhfələrlə” ört-basdır etməyə çalışsa da, bunu gizlədə bilməyəcəklər. Çünki ortada kifayət qədər tarixi və digər məsələlər var. Düzdür, davamlı olaraq bütün bunların üzərinə getmək o qədər də asan məsələ deyil. Çünki Fransa sıradan bir dövlət deyil. Fransa BMT Təhlükəsizlik Şurasında, bir sıra digər beynəlxalq təşkilatlarda fəal təmsil olunur. Avropa İttifaqının siyasi qanadında ciddi çəkiyə və söz haqqına malikdir. Ancaq o da faktdır ki, son bir ildə Azərbaycan müxtəlif platformalarda Fransanın müstəmləkəçiliyindən və neokolonializmindən əziyyət çəkən ölkələrin məsələsini gündəmə gətirir. Bununla bağlı bir sıra tədbirlər keçirilir, qərarlar qəbul olunur. Bütün bunlarla paralel, Fransa beynəlxalq müstəvidə mövqelərini ardıcıl olaraq itirir. Avstraliya Fransa ilə imzaladığı bir sıra sazişlərdən birtərəfli qaydada imtina edib. Nəticədə Fransa milyardlarla ziyana məruz qaldı. Eyni zamanda Fransa Qərbi və Mərkəzi Afrika ölkələrindən qovulur. Faktiki olaraq, Fransa həmin ölkələrdə ardıcıl olaraq mövqelərini itirir. Hesab edirəm ki, bütün bunlar təsadüfi deyil. Bəzi böyük dövlətlər də Fransanın beynəlxalq miqyasda zəiflədilməsində maraqlıdılar. Bütün bu deyilənlərin fonunda, gərəkən addımlar atılarsa, işlər görülərsə, bunun ciddi siyasi nəticələri olar. Fransa həmin ölkələrə vurduğu maddi-mənəvi zərərə görə kompensasiya ödəməli olacaq. Çünki əsrlərdir Fransa həmin ölkələri talayıb”.
Vidadi ORDAHALLI