Yeni ədliyyə naziri kimdir? - DOSYE
Prezident İlham Əliyevin sərəncamı ilə Fərid Turab oğlu Əhmədov Azərbaycan Respublikasının ədliyyə naziri təyin olunub.
Fərid Əhmədovun dosyesi:
Fərid Əhmədov 14 iyul 1979-cu ildə Bakı şəhərində anadan olub. 1996-cı ildə Bakı şəhəri 43 saylı liseyi bitirib.
Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsində bakalavr (2000) və magistr (2002) təhsili alıb.
2002–2003-cü illərdə Böyük Britaniyanın Esseks Universitetində, "British Chevening" təqaüdü ilə beynəlxalq insan hüquqları üzrə magistr təhsili alıb.
2004-cü ildə AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun aspirantı olub, 2009-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.
2016-cı ildə Oksford Universitetində hüquq elmləri üzrə fəlsəfə doktorluğu elmi dərəcəsi alıb.
Azərbaycan, rus və ingilis dillərini bilir.
2004-2008-ci illərdə Bakı Dövlət Universitetində, 2009–2011-ci illərdə seminar müəllimi kimi Oksford Universitetində, 2011-2014-cü illərdə isə baş müəllim kimi "ADA" Universitetində hüquq sahəsi üzrə elmi-pedaqoji fəaliyyətlə məşğul olub.
Əmək fəaliyyətinə 2000-ci ildə "Ədalət" hüquq şirkətində hüquqşünas kimi başlayıb və 2004-cü ilə kimi burada fəaliyyət göstərib.
2004–2006-cı illərdə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Beynəlxalq Hüquq şöbəsində böyük məsləhətçi, 2006–2007-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinin İnzibati və hərbi qanunvericilik şöbəsində məsləhətçi vəzifəsində çalışıb.
2007–2008-ci illərdə "LegCon Group" hüquq şirkətində baş hüquqşünas kimi fəaliyyətini davam etdirib, 2014-cü ildə "BM Morrison Partners" hüquq şirkətində Məhkəmə təcrübəsinin rəhbəri vəzifəsində çalışıb.
2015–2017-ci illərdə Azərbaycan Universitetinin rektoru, 2017–2020-ci illərdə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-də baş direktorun müavini vəzifəsində çalışıb.
12 mart 2021-ci ildə Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müşaviri, 24 may 2022-ci ildə isə Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini təyin olunub.