Almaniya Ukraynaya uzunmənzilli raket verməkdən imtina etdi - müharibənin iştirakçısı olmaq istəmirik...
Almaniya uzunmənzilli “Taurus” raketini Ukraynaya verməyəcək, çünki bu, Almaniyanın müharibəyə cəlb olunmasına gətirib çıxara bilər. Bunu Almaniya kansleri Olaf Şolts deyib.
Şolts bəyan edib ki, ölkəsi Ukraynadakı münaqişədə bilavasitə iştirak etmək istəmir və buna görə də Kiyevə “Taurus” qanadlı raketləri verməyəcək. O, deyib ki, almanların biliklərindən birbaşa Rusiya hədəflərinə zərbə vurmaq üçün istifadə etdiyi bir vəziyyətin meydana gəlməsini istəmir.
“Bəzi insanların heç narahat olmamaları, etdiklərimizə görə Almaniyanın müharibəyə cəlb oluna biləcəyini heç düşünməmələri məni təəccübləndirir” - Şolts bildirib.
Şolts qeyd edib ki, Kiyevin real ehtiyacları ilə “Taurus”la bağlı müzakirələr arasında balansı saxlamaq lazımdır. Onun sözlərinə görə, Ukraynaya hərbi yardım ətrafında hazırkı debatların bir silah sistemi – “Taurus” raketləri ətrafında cəmləşməsi onu çox qıcıqlandırır. Halbuki, Ukraynada prinsip etibarilə silah-sursat çatışmazlığı var.
Qeyd edək ki, Ukrayna Almaniyadan “Taurus” raketlərinin verilməsini tələb edir. Bu raketlər 500 kilometr məsafədəki hədəfləri məhv edə bilir.
Tahir TAĞIYEV