Astarada qəribə kənd: transformator var, işıq yoxdur… - VİDEO
Astara rayonunun Siyaku inzibati ərazi dairəsinə aid olan Səxəkəran kəndində transformator quraşdırılsa da, hələ də kənd sakinləri elektriklə normal şəkildə təmin olunmayıb.
Bu barədə “Bakı-Xəbər” media qrupuna ünvanladıqları video müraciətlərdə kənd sakini Babazadə Yusif Aslan oğlu və qazi anası Cəfərova Dildar bildirib. Onlar “Bakı-Xəbər” vasitəsilə problemin işıqlandırılmasını istəyirlər.
Y.Babazadə “Müraciətim bununla bağlıdır ki, beş aydır kəndə transformator qoyulub, amma əhali işıqdan istifadə edə bilmir. İşıq idarəsinə müraciət edirik, deyirlər ki, material yoxdur. İki gündən çoxdur ki, əhali işıqsız qalıb, işığımız yoxdur. Biz işıqdan istifadə edə bilmirik. Çəklişdə də görünür işıq dirəklərini basdırıblar, amma kabel çəkməyiblər. Beş aydır “sabah gələrik” deyirlər, indi də telefonlara cavab vermirlər” - deyə bildirdi.
Qeyd etdiyimiz kimi, analoji problemlə bağlı redaksiyamıza ünvanlanan ikinci videomüraciət isə Səxəkəran kənd sakini qazi anası Cəfərova Dildardan gəlib, o da həmkəndlisinin dediklərini dilə gətirib.
Kənd sakinləri əlaqədar qurumlardan tezliklə işıq probleminin həll edilməsini xahiş edirlər. Bildirirlər ki, günlərlə işıqsız qalmaq onlara çətinlik yaradır. Ümid edirlər ki, aidiyyəti təşkilatlar tezliklə problemə əncam çəkəcək və beş ay əvvəl quraşdırılmış transformator kəndin işığını yandıracaq.
Redaksiyamıza göndərilən videomüraciətləri təqdim edirik:
İradə SARIYEVA