Fransanın Ermənistana hərbi yardımının məqsədi tam aydın oldu...
Ramil Məmmədli: “Paris hamıdan yaxşı bilir ki, güc nisbətini İrəvanın xeyrinə dəyişmək mümkün deyil”
Fransa artıq Ermənistana uzaq məsafəli raketlər göndərəcəyini də rəsmi şəkildə bəyan etməkdən çəkinmir. Fransa müdafiə naziri Sebastyan Lekorne İrəvanda bəyan edib ki, heç kim Ermənistan ordusunu öz müdafiə qabiliyyətini gücləndirdiyinə görə tənqid edə bilməz:
“Mən Ermənistana hansı texnikanın veriləcəyilə bağlı təfərrüatlara varmayacağam, lakin onların hamısının müdafiə əhəmiyyəti var. Hava hücumundan müdafiə sistemləri haqqında da deməliyəm ki, əgər Ermənistanın onlara ehtiyacı olarsa, sizin sərəncamınızda qısa, orta və digər uzunmənzilli raketlər olacaq. Hər dəfə biz erməni tərəfdaşlarımızın operativ ehtiyaclarından çıxış edəcəyik”.
O da məlumdir ki, Fransa ilə yanaşı, Hindistan da Ermənistanın silahlandırılmasında fəal iştirak edir. Hindistan İran vasitəsilə silahları Ermənistana ötürür. Bütün bu deyilənlərin fonunda maraqlıdır, Fransanın, Hindistanın Ermənistana hərbi yardımı regionda hərbi güc nisbətini Azərbaycanın ziyanına dəyişə bilərmi? Məgər Fransa bilmir ki, güc nisbətini dəyişə bilməyəcəklər?
“Fransa ona görə Ermənistanı silahlandırır ki, özü bu ölkədə möhkəmlənmək, Rusiyanı oradan qovmaq istəyir”
Sözügedən məsələyə aydınlıq gətirən hərbi ekspert Ramil Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında güc nisbətinin Ermənistanın xeyrinə dəyişəcəyini istisna etdi: “Ermənistanın silahlandırılması Azərbaycan əleyhinə güc nisbətini dəyişdirə bilməz. Bunu şərtləndirən bir sıra amillər var. Birincisi, iki ölkənin iqtisadi və demoqrafik resursları arasında kəskin fərq var. Azərbaycan əhalisi 10 milyon nəfərdən çoxdur. Ermənistan əhalisi heç 3 milyon deyil. Ölkəmizin neft gəlirləri hesabına milyardları var və istənilən müasir texnikanı almağa imkanımız var. Ermənistanın belə bir imkanı yoxdur və heç bir dövlət böyük həcmdə ermənilərə havayı silah verən deyil. İkincisi, burada Türkiyə faktoru var. Azərbaycanla Türkiyə arasında 2021-ci ilin iyununda Şuşa Bəyyannaməsi imzalanıb. Hər il iki ölkə arasında bir neçə müştərək hərbi təlim keçirilir. Türkiyə nəinki silahlı PUA-larını, istehsal etdiyi ən müasir silahları Azərbaycana satır. Azərbaycanın Türkiyə kimi strateji müttəfiqi var. 44 günlük Vətən müharibəsindən sonra Türkiyə ordusu modeli əsasında ordu qurulur. Üçüncüsü, Azərbaycan ərazilərini işğaldan azad etdikdən sonra arxayın dayanmayıb. Müharibənin nəticələri təhlil edilərək lazım olan silahlar alınır. Həm müharibədə istifadə edilən sursatın yeri doldurulub, həm də İsrail, Serbiya və digər ölkələrdən lazım olan silahlar tədarük edilir. Hərbi və müdafiə xərcləri ilə bağlı büdcədən ayrılan vəsaitlərin həcmi artırılır. Dördüncüsü, Azərbaycan neçə illərdir bir sıra silahların ölkədə istehsalı ilə məşğul olur. Özü də bu silahlar təkcə ölkədaxili tələbatı ödəmək üçün yox, həm də ixrac məqsədilə istehsal olunur. Fransa ona görə Ermənistanı silahlandırır ki, özü bu ölkədə möhkəmlənmək istəyir. Yəni Rusiyanı oradan qovub çıxarmaq və Moskvanı əvəzləmək istəyir. Ermənistanın silahlandırılması, Avropa İttifaqı Monitorinq missiyası və digər siyasi oyunların strateji məqsədi bundan ibarətdir. Yoxsa Paris hamıdan yaxşı bilir ki, güc nisbətini İrəvanın xeyrinə dəyişmək mümkün deyil”.
Vidadi ORDAHALLI