Yaşayış binalarının 1-ci mərtəbəsində restoranlar sakinlərin rahatlığını pozub
Mehman Məmmədov: “Yaşayış binalarının zirzəmisinin iaşə obyekti kimi istifadə edilməsi düzgün deyil”
Bakıda yaşayış binalarının zirzəmilərində, birinci mərtəbələrində, yaxud binaların həyətində iaşə, xidmət obyektlərinin, mağazaların yaradılması halları geniş yayılıb.
Xüsusilə şəhərin mərkəzi hissəsində, metro stansiyaları yaxınlığında, faktiki olaraq, zirzəmi və birinci mərtəbələri belə obyektlərin məskəni olmayan bina qalmayıb. Nəinki yeni tikilən binalar, həmçinin sovet dövründən inşa edilən binalarda da zirzəmi və birinci mərtəbələr səs-küy və narahatlıq mənbəyi olan bu cür obyektlərə çevrilib. Onu da qeyd edək ki, bu cür obyektlərdə təhlükəsiklik qaydalarına əməl olunmur.
Belə ki, fevralın 23-də belə bir obyektdə yanğın baş verib və üst mərtəbədəki yaşayış evlərinə ciddi ziyan dəyib.
Maraqlıdır, belə olan halda hansı təhlükəsizlik qaydalarına riayət edilməlidir?
“Hər bir obyektdə yanğınla mübarizə üçün xüsusi alətlər qoyulmalıdır, suyun daimiliyi təmin edilməlidir”
Əmlak məsələləri üzrə ekspert Mehman Məmmədov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, yaşayış binalarının zirzəmisinin iaşə obyekti kimi istifadə edilməsi düzgün deyil. Nəinki paytaxt, eləcə də bölgələrdə olan binaların zirzəmisi, birinci mərtəbələrə qanunsuz müdaxilə edilib: “Əhalinin sıx məskunlaşdığı ərazilərdə kafe-restoran kimi səs-küylü obyektlərin yaradılmasına icazə verilməməlidir. Elə yerlər var ki, 3-4 binanın arasında böyük restoran, şadlıq evi tikiblər. Yaxud binanın altında restoranlar, çayxanalar açıblar. Belə obyektlər yaşayış binalarından müəyyən məsafədə olmalıdır. Təsəvvür edin, bir bina həm yaşayış binasıdır, həm ticarət mərkəzi, həm də gözəllik mərkəzi. Bu sahədə vahid bir standart yoxdur ki, yaşayış sahəsi olan yerdə digər infrastruktur ola bilməz. Bizdə elə binalar var ki, beşmərtəbə “xruşşovkadır”, birinci mərtəbəsi yaşayış evi olub, indi onu hansısa obyektə, tutalım, restorana çeviriblər. İki mərtəbənin arasında nazik beton təbəqədir, aşağıdakı səs-küy ikinci mərtəbədə evin içindədir. Əsas məsələ təhlükəsizliklə bağlıdır.
Yaşayış binalarının zirzəmi qatının öz təyinatı var. Oradan qaz boruları, elektrik naqilləri izolyasiya edilmiş vəziyyətdə keçməlidir. Zirzəmilər həm də təxliyə və sığınacaq məqsədi daşıyır”.
Ekspert hesab edir ki, bütün obyektlərin tikintisi və istifadəsi zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl edilməlidir. Obyektlər layihələndirilərkən də buna xüsusi diqqət ayrılmalı, layihə sənədlərində yanğın təhlükəsinə qarşı hansı işlər görüldüyü göstərilməlidir. Obyektin əlavə təxliyə planı, təxliyə çıxışı olmalıdır. Orada işləyəcək insanların təhlükəsiz şəraitdə çalışmaları üçün şərait yaradılmalıdır. Hər bir obyektdə yanğınla mübarizə üçün xüsusi alətlər qoyulmalı, suyun daimiliyi təmin edilməlidir.
Günel CƏLİLOVA