Bu birləşmələr bələdiyyəni "faydasız qurum" imicindən qurtara bilərmi?..
Vüqar Tofiqli: “Bələdiyyələrin inkişafı ancaq onların birləşdirilməsi ilə mümkündür”
Azərbaycanda bələdiyyələrin sayı təxminən iki dəfə azaldılır. Bu, “Bələdiyyələrin birləşməsi, fəaliyyəti, ayrılması və ləğv edilməsi haqqında” qanuna dəyişiklik layihəsində öz əksini tapıb. Hazırda ölkədə 1 605 bələdiyyə var. Qanun layihəsi qəbul ediləcəyi təqdirdə, Azərbaycanda 700-dən artıq bələdiyyə fəaliyyət göstərəcək.
Qeyd edək ki, Prezident İlham Əliyevin təqdimatı ilə Milli Məclisə “Bələdiyyələrin birləşməsi, fəaliyyəti, ayrılması və ləğv edilməsi haqqında” qanun layihəsi daxil olub.
Maraqlıdır, bələdiyyələrin birləşməsinin əhali üçün nə kimi müsbət və mənfi tərəfləri olacaq?
“Qərarın qəbul edilməsi bələdiyyələrin maliyyə, iqtisadi resurslarının artmasına, əhalinin problemlərinin həllinin sürətləndirilməsinə səbəb olacaq”
“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli “Bakı-Xəbər”-ə açıqlamasında bildirdi ki, Azərbaycanda bələdiyyələrin formalaşdırılmasına 1999-cü ilin dekabr ayından başlanılıb: “İlk bələdiyyə seçkilərindən sonra Azərbaycanda 2667 bələdiyyə formalaşdırılıb. Bir müddət sonra isə say 2736-dək artırıldı. 1999-2009-cu ilə qədərki müddətdə proses sübut etdi ki, bələdiyyələrin sayı hədsiz çoxdur. Bələdiyyələrin sayının çox olması bir sıra problemlərin yaranmasına səbəb olub. Bu səbəbdən də 2009 və 2014 - cu illərdə keçirilən seçkilər zamanı 1100-ə yaxın bələdiyyə birləşdirildi. Bunun nəticəsində bələdiyyələrin sayı 2736-dan 1606-a endirildi. Buna baxmayaraq, onların fəaliyyətində hələ də müəyyən problemlər mövcuddur”.
V.Tofiqli hesab edir ki, bələdiyyələrin inkişafı ancaq onların birləşdirilməsi ilə mümkündür: “Danılmaz faktdır ki, bələdiyyələrin xeyli bir hissəsi dövlətdən ayrılan dotasiya ilə fəaliyyətdədir. Elə bələdiyyələr var ki, problemlərin həll olunması üçün maliyyə imkanları yoxdur. Bələdiyyələrə vergi ödənilirsə, əldə olunan vəsait vətəndaşın probleminin həllinə yönəldilməlidir. Borc yaranıb ödənilmirsə, həmin bələdiyyələrin birləşdirilməsi daha məqsədəuyğundur. Bəzən illik gəlirlərin tam həcmdə toplanması təmin olunsa belə, qanunvericiliklə müəyyən edilmiş sayda daimi əsaslarla işləyən bələdiyyə üzvlərinin və bələdiyyə qulluqçularının əməkhaqqı xərcləri qarşılana bilmir. Sosial sığorta haqları üzrə borcların ödənilə bilməməsi səbəbindən bank hesablarına qanunvericiliyin tələblərinə əsasən məhdudiyyətlər tətbiq edilib. Təəssüf ki, maliyyə çatışmazlığı səbəbindən ixtisaslı kadrlar cəlb edilə bilmir, müasir texnologiyaların tətbiqində çətinliklər mövcuddur. Qərarın qəbul edilməsi bələdiyyələrin maliyyə, iqtisadi resurslarının artmasına, əhalinin problemlərinin həllinin sürətləndirilməsinə səbəb olacaq".
Günel CƏLİLOVA