Bir ildə Ermənistandan Rusiyaya ixrac azı 4 dəfə artıb - ermənilər Qərbi necə aldadır...
Eldəniz Əmirov: “...Rusiyanı sanksiyalardan yayındırmaq üçün üçüncü ölkələrdən alınmış və Rusiyaya ixrac olunmuş müxtəlif məhsullardır”
“Rusiya Ermənistan vasitəsilə sanksiya altında olan bütün məhsulları rahatlıqla əldə edir. Son vaxtlar Ermənistanın Rusiyaya ixracatı 430% artıb. Beynəlxalq Valyuta Fondunun sabiq baş iqtisadçısı Robin Bruks “x” hesabında bu barədə faktları ictimailəşdirib.
Niyə heç kim sual etmir ki, bu qədər mallar Ermənistana necə daxil olur və necə çıxarılır? Qərb mediası niyə bu barədə susur?” Bu, bir qrup QHT-nin ABŞ-ın və Avropa ölkələrinin Azərbaycandakı diplomatik missiyalarına müraciətində əks olunub.
Son 1 ildə Ermənistanın Rusiyaya ixracı necə 430 faiz ola bilər? Bu ölkə nə istehsal edə bilər ki, bu rəqəm alınsın? Burada yəqin başqa məqamlar var.
Ekspertlər bildirir ki, Ermənistanın özünün Rusiyaya bu qədər ixracatı mümkün deyil. Ekspertlərə görə, bu başqa ölkələrdə sanksiyaya düşən malların əvvəlcə Ermənistana, ordan da Rusiyaya ixracı mexanizmidir, bundan başqa heç nə demək deyil. Ekspertlər hesab edir ki, Ermənistan ikibaşlı oyun oynamaqla Qərb dövlətlərinin özlərini də aldadır.
“Ermənistan şirkətlərinin o ölkələrin şirkətlərinin siyahısına daxil edilməməsi Qərbin qeyri-normal davranışıdır”
İqtisadçı ekspert Eldəniz Əmirov “Bakı-Xəbər”ə şərhində “Birmənalı olaraq Ermənistan və Rusiya arasında olan ticarət döviyyəsinin artmasının əsas səbəbi Ermənistanın Rusiyanın sanksiyalardan yayınmasına kömək etməsidir. Bizimlə Türkiyə arasında ticarət dövriyyəsi 5 milyarada çatdığı məqamda Rusiya və Ermənistan arasında ticarət dövriyyəsi 2, 5 milyard idi. 2022-ci ildə birdən-birə Ermənistanla Rusiya arasında olan ticarət dövriyyəsi gəlib 5 milyard dollara çatdı. Halbuki, 2021-ci ildə 2, 5 milyard olub. 2022-ci ildə iki dəfə artıb. 2023-cü ildə isə bunların arasında 7 milyard 306 milyon dollar həcmində ticarət dövriyyəsi olub. Bu da Azərbaycanla qardaş Türkiyə arasındakı ticarət dövriyyəsinə təxminən yaxınlaşmış bir göstəricisidir. 7, 3 milyardan artıq vəsaitin, demək olar ki, yarısı, 47-48 faizi Ermənistanın ixracının payına düşür. Bu isə Rusiyanı sanksiyalardan yayındırmaq üçün üçüncü ölkələrdən alınmış və Rusiyaya ixrac olunmuş müxtəlif məhsullardır. Yarımkeçicirilər burada xüsusi üstünlüyə malikdir”-deyə bildirdi.
E.Əmirovun sözlərinə görə, hazırda Avropa İttifaqı 13-cü sanksiyalar paketini təqdim edib, amma burada Ermənistan şirkətinin, Ermənistanın adı yoxdur: “Türkiyə, Hindistan, Şri-Lanka, Çin, Şimali Koreya və başqa ölkələrin şirkətlərinin adı var, amma Ermənistan şirkətinin adı yoxdur. Bununla bağlı həm çıxışlarımda, həm müsahibələrimdə qeyd etmişəm, yenə də deyirəm ki, Ermənistan şirkətlərinin o ölkələrin şirkətlərinin siyahısına daxil edilməməsi Qərbin qeyri-normal davranışıdır”.
İradə SARIYEVA