"Fransa məsələni gərginləşdirmək üçün canfəşanlıq edir" - Ceyhun Bayramov
Bütün istiqamətlərdə hər hansı bir müsbət addımlar atılan zaman Fransa çox böyük canfəşanlıq edir. Fransanın canfəşanlığı məhz məsələni gərginləşdirməyə yönəlib və müsbət istiqamətdə inkişafa mane olmaqdır.
Bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə müsahibəsində deyib.
O qeyd edib ki, Almaniya Kansleri Olaf Şoltsun təşəbbüsü ilə baş tutan görüş kifayət qədər müsbət qiymətləndirildi, normal mühitdə keçdi, prosesin davam etməsinin vacibliyi qeyd olundu. Bundan dərhal sonra Fransa prezidenti açıqlama verdi, növbəti gün Fransa müdafiə nazirinin Ermənistana gəlib orda təhdidedici bir açıqlama yaydı. Qranada görüşündən bir gün öncə, - Azərbaycan Prezidentinin iştirakı nəzərdə tutulurdu, - Fransanın ovaxtkı xarici işlər naziri Ermənistana gəldi. O, Ermənistanın silahlanması ilə bağlı bəyanatlar etdi, Azərbaycana qarşı şər və böhtanlar yağdırdı.
“Qranada görüşü ilə eyni gündə Avropa Parlamentində Azərbaycana dair dinləmələr keçirildi və sənəd qəbul edildi. Təbii ki, bütün bunlara baxanda görürsən ki, bu addımlar məqsədli və planlı şəkildə atılıb, müsbət inkişafın qarşısının alınmasına yönəlib. Bu da bir daha onu deməyə əsas verir ki, Azərbaycanın inkişafı, öz ərazi bütövlüyünü, suverenliyini bərpa etməsi bir çox qurumları, mərkəzləri narahat edir. Belə demək olarsa, onların sevimli oyuncağı əllərindən gedib”, - deyə Ceyhun Bayramov vurğulayıb.
ZÜMRÜD