Ukrayna Rusiyanın 330 milyon dollarlıq məşhur A-50 casus təyyarəsini vurdu…
Ukrayna Hərbi Hava Qüvvələri Rusiya üçün strateji əhəmiyyət kəsb edən A-50 casus təyyarəsini vurduqlarını açıqlayıb. Azov dənizi üzərində vurulan təyyarənin görüntüləri sosial mediada yayılıb. Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı Mikola Oleşçuk A-50 uzaq mənzilli radar aşkarlayan təyyarəni vuran komandaya və kəşfiyyat xidmətinə təşəkkür edib. Oleşçuk hücumun Rusiyanın qeyd etdiyi Vətən Müdafiəçiləri Günündə baş verdiyi mesajını paylaşaraq, "İşğalçıları Vətən Müdafiəçiləri Günü münasibətilə təbrik edirik" deyib.
Mövzu ilə bağlı Rusiyadan heç bir açıqlama verilməsə də, görüntüləri araşdıran hərbi analitiklər nəhəng casus təyyarənin vurulduğu nöqtənin cəbhə xəttindən 200 kilometrdən çox uzaqda olduğunu bildirir. Mütəxəssislər təyyarənin ukraynalılara məxsus Amerika “Patriot” raketləri ilə vurulmuş ola biləcəyini deyirlər. Hərbi analitiklər də deyirlər ki, o, Sovet İttifaqından qalma S-200-lər tərəfindən vurulmuş ola bilər.
“Əsas müşahidə platforması” adlandırılan A-50 təyyarəsinin vurulmasının Rusiya Hərbi Hava Qüvvələri üçün böyük itki olduğu bildirilir. 650 kilometrə qədər döyüş meydanında məlumat toplaya bilən A-50 casus təyyarəsi “uçan radar” kimi də tanınır. Uzaqdan gizli hədəfləri aşkar etmək qabiliyyətinə malik olan A-50, həm də aşağı uçuş qabiliyyəti ilə seçilirdi. Ukrayna, dəyəri təxminən 330 milyon dollar olduğu təxmin edilən bu təyyarələrdən birini yanvarın 14-də vurduğunu iddia edib. Rusiyada 6 A-50-nin işlək vəziyyətdə olduğu təxmin edilirdi.
Rusiya ordusuna bağlı Telegram kanalı təyyarənin dost atəşi nəticəsində qəzaya uğramış ola biləcəyini irəli sürüb. Fighterbomber kanalında təyyarənin vurulduğu təsdiqlənsə də, “Hazırda onu kimin vurduğu məlum deyil” ifadəsi yer alıb.
TAHİR