Ermənilər 6 yaşlı uşağı əl-ayağını bağlayıb qətlə yetiriblər...
Azər Həsrət: “İşğaldan azad olunan ərazilərdə toplu məzarlıqlara hələ çox rast gələcəyik…”
Ermənilərin amansızlıqla qətlə yetirərək kütləvi şəkildə basdırdıqları soydaşlarımızın sayı kifayət qədərdir. Belə məzarlıqlardan biri işğaldan azad edilmiş Xocalı şəhərinin mərkəzində (keçmiş xalça fabrikinin yaxınlığında) həyata keçirilən əsaslı bərpa-quruculuq işləri zamanı aşkar olunub.
Baş Prokurorluğun yaydığı məlumatda qeyd olunur ki, ərazidə aşkarlanmış insan qalıqları ən azı 4 nəfərə aiddir. Onlardan birinin isə 4-5 yaşlı şəxsə məxsus olması ehtimal olunur. Onların işgəncələrə məruz qaldığı, əllərinin kəndirlə bağlandığı və xüsusiyyətlərinə görə ən azı 25 il əvvəl basdırıldığı müəyyən edilib.
Qeyd etdiyimiz kimi, kütləvi məzarlıqda basdırılanlar arasında azyaşlılar da var. Bu fakt bir daha sübut edir ki, ermənilər uşaqlara belə rəhm etməyib, onları işgəncə ilə öldürüblər.
“Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı Ermənistan tərəfindən bir çox beynəlxalq hüquq normaları, o cümlədən beynəlxalq humanitar hüququn tələbləri kobud şəkildə pozulub”
Siyasi şərhçi Azər Həsrət baki-xeber.com-a bildirdi ki, tək Xocalıda deyil, işğaldan azad olunan bütün ərazilərdə toplu məzarlıqlara hələ çox rast gələcəyik: “Aşkar olunan hər bir fakt toplanaraq beynəlxalq təşkilatlara təqdim olunmalıdır. Ermənilərin necə bir millət olduğunu hər kəs bilməlidir. Onlar olmayan hadisələrlə bağlı dünyaya səs salırlar. Təəssüflər olsun ki, dünya ermənilərə inanır. Onlar iddia ki, guya 1915-ci ildə Osmanlı imperiyası tərəfindən milyon yarım erməni soyqırıma məruz qalıb. Ermənilər bunu dünyaya tirajlamaqla məşğuldur. Ancaq bir dənə də olsun kütləvi məzar aşkar edib, dünyaya göstərə bilmir. Buna baxmayaraq, dünya dövlətləri ermənilərə inanmaqda davam edir. Azərbaycan tərəfi işğaldan azad edilən ərazilərdə demək olar ki, hər ay kütləvi məzarlıq aşkar edir”.
Həmsöhbətimizin sözlərinə görə, Ermənistan silahlı qüvvələri tərəfindən müharibə dövründə işğal olunmuş ərazilərimizdə azərbaycanlı əsir və girovların məqsədli şəkildə öldürülərək kütləvi şəkildə dəfn edilməsi faktları mövcuddur. Halbuki, beynəlxalq qanunvericiliyə əsasən, əsirlikdə vəfat etmiş şəxslər şərəflə, mümkün olduğu halda öz dini adətlərinə uyğun və qarşısıalınmaz hallar olmadığı təqdirdə fərdi məzarlarda dəfn edilməlidir: “Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı Ermənistan tərəfindən bir çox beynəlxalq hüquq normaları, o cümlədən beynəlxalq humanitar hüququn tələbləri kobud şəkildə pozulub. Müharibə qaydalarına zidd olaraq, mülki əhali qorunmayıb, əksinə, onlar girov götürülüb və öldürülüb. Bir çox hallarda əsir və girovlara ağlasığmaz işgəncələr verildikdən sonra onlar öldürülüb və işgəncələrin izlərinin itirilməsi məqsədilə onların meyitləri belə Azərbaycan tərəfinə təqdim edilməyib. Bu məzarlıqlar da həmin cinayətlərə sübutdur”.
Günel CƏLİLOVA