Yol polisinə yeni funksiya verildi…Taksinin qanuni, ya qanunsuz işlədiyini dərhal müəyyən edə biləcək....
Aslan Əsədov: “Daha öncə müəyyən prosedur qaydaları, inzibati tənbehləri tətbiq etmək çətin idi”
Taksilərə buraxılış vəsiqəsi barədə məlumatlar Yol Polisi İdarəsinin sisteminə ötürüləcək. Bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi haqqında Əsasnamə”yə edilən dəyişiklikdə əksini tapıb. Əlaqəli fəaliyyət çərçivəsində ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsi və taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi barədə məlumatlar Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə təqdim ediləcək.
Maraqlıdır, bu qayda ölkədə qanunsuz taksi fəaliyyətlərinin tənzimlənməsində necə rol oynayacaq?
“Mərkəzi baza sistemi tətbiq olunduqdan sonra müştəriləri incidən sürücülər, qanunu pozan şirkətlərlə bağlı hansısa ölçü götürülə bilər”
Nəqliyyat eksperti Aslan Əsədov baki-xeber.com-a şərhində bildirdi ki, buraxılış vərəqələri ilə bağlı kriteriyaların müəyyən olunması üçün zamana ehtiyac var: “Buraxılış vərəqəsinin verilməsi ilə bağlı kriteriyaların müəyyən olunması üçün hələ ki, tezdir. Mərkəzi baza sistemi tətbiq olunduqdan sonra müştəriləri incidən sürücülər, qanunu pozan şirkətlərlə bağlı hansısa ölçü götürülə bilər. Ancaq bu qaydanın tətbiqi üçün müəyyən zaman lazımdır”.
Ekspert hesab edir ki, adıçəkilən qanun bu sahədə olan bir çox çətinliyi aradan qaldıracaq: “Bu məlumatların mərkəzi bazada olması təqdirəlayiq bir addımdır. Çünki belə bir bazanın olmaması gələcək iş prinsiplərində bəzi çətinliklər yaradırdı. Daha öncə müəyyən prosedur qaydaları, inzibati tənbehləri tətbiq etmək çətin idi. Çünki hər hansı bir qayda pozuntusu etmiş şəxs bilir ki, cərimələnəcək və sadəcə cəriməsini ödəyəcək. Ona görə də mərkəzi baza sisteminin Daxili İşlər Nazirliyinin nəzdində yaradılması bir növ prosesləri kökündən həll etmək deməkdir. Sürücülük vəsiqəsini və avtomobillərin dövlət qeydiyyatına alınmasını Daxili İşlər Nazirliyi yerinə yetirir. Bu səbəbdən sistemə birbaşa nəzarət də Daxili İşlər Nazirliyində olmalıdır”.
Günel CƏLİLOVA