Medvedev Rusiyanın Ukraynada yeni hədəflərini açıqladı - Kiyev və Odessa təhlükədə...
Rusiya prezidenti Vladimir Putinə yaxınlığı ilə tanınan Rusiya Milli Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukraynanı təhdid edən açıqlamalar verib. Medvedev bildirib ki, Rusiya ordusu Kiyev və Odessanı alana qədər döyüşləri davam etdirməlidir. Putin kimi ABŞ-ı günahlandıran Medvedev hazırkı vəziyyətin Rusiya üçün “varlıq təhlükəsi”nə işarə etdiyini iddia edib.
"Harada dayanmalıyıq? Bilmirəm. Qarşımızda görüləcək çox mühüm işlər var. Kiyev ola bilərmi? Məncə, olmalıdır. İndi olmasa, bir az sonra. Bunun iki səbəbi var. Kiyev Rusiya şəhəridir və Rusiyanın mövcudluğuna qarşı təhlükə oradan gəlir” – deyə Medvedev Rusiya mətbuatına verdiyi müsahibədə bildirib.
Ukraynanın Qara dəniz sahilində yerləşən Odessa şəhəri haqqında da danışan Medvedev, “uzun müddətdir ki, Rusiyada Odessanı gözlədiklərini” deyib: “Onun tarixinə baxın, orada hansı insanlar yaşayır və hansı dildə danışır. Bura bizim rus şəhəridir."
Qeyd edək ki, Rusiya ordusu iki il əvvəl Ukrayna müharibəsinin ilk günlərində paytaxt Kiyevə qarşı hava-desant və mühasirə əməliyyatına başlayıb. Kiyevi işğal etmək cəhdinin uğursuzluğundan sonra rus qoşunlarının diqqəti Ukraynanın şərqinə yönəlib.
Ukraynanın Qara dəniz sahilindəki ən böyük şəhəri olan Odessa müharibə başlayandan bəri dəfələrlə Rusiya təyyarələri və raketlərinin hədəfinə çevrilib.
Tahir TAĞIYEV