“Vaqner” yeni adla geri döndü - "Afrika Korpusu" bütün qitədə qızıl və neft yataqlarını ələ keçirir...
Vaxtilə Rusiya prezidenti Vladimir Putinin sağ əli olmuş “Vaqner”in lideri Yevgeni Priqojinin ölümündən sonra Afrikada yeni rus muzdlu dəstə yaranıb.
Qeyd edək ki, Ukraynada Kremlin xidmətində döyüşən “Vaqner” kifayət qədər sursat və əsgər çatışmazlığı səbəbindən Moskvaya qarşı üsyanın bədəlini çox ağır ödədi. “Vaqner”in lideri Priqojin təyyarə qəzasında şübhəli şəkildə öldü və muzdlular dağıldı.
Öldürülənə qədər “Rusiyanı bütün qitələrdə daha da böyütməyi, Afrikanı daha da azad etməyi” qarşısına məqsəd qoyduğunu deyən Priqojinin sözləri indi onsuz qızıl-neftin mərkəzlərində səslənir.
“Royal United Services Institute” (RUSI) “Vaqner”in başqa adla - "Afrika Korpusu" adı ilə geri döndüyünü iddia edib. Qeyd edilir ki, Kremlin yeni muzdluları Afrikada neft və qızıl kimi qiymətli yataqlara çıxış müqabilində rejimlərə “sağ qalmaq” şansı verir.
Bildirilir ki, ABŞ “Vaqner”ə qarşı çox gec addım ataraq onu “cinayətkar təşkilat” elan edib. Lakin yeni ordu “Vaqner”dən fərqlənir. “Afrika Korpusu” açıq şəkildə Rusiya Qüvvələrinin bir hissəsidir. RUSI hesabatının müəlliflərindən biri Dr. Cek Uotlinq bu vəziyyəti belə ifadə edir - “Bu, Rusiya dövlətinin Afrika siyasətində kölgədən çıxmasıdır”.
“Fəqət “Afrika Korpusu”nun missiyası “Vaqner”lə eynidir, bu baxımdan heç bir dəyişiklik yoxdur. Yeni ordu xaricdə Putinin strateji və maliyyə maraqlarını təmin etməyə çalışır. “Vaqner”in sayəsində Putinin xəzinəsi yalnız son 2 ildə qızılla dolub.
“Vaqner”in süqutundan sonra Moskvanın Afrikadakı maraqlarının nə olacağı ilə bağlı çaşqınlıq var idi. Çünki “Vaqner” 3 qitənin ondan çox ölkəsində fəaliyyət göstərirdi. Lakin Putin qitənin ondan uzaqlaşmasına imkan vermədi. Rusiyanın Qərbə qarşı müharibəsində də olduqca əhəmiyyətli olan Afrika üçün gizli ordu quruldu.
Kremlin ilk addımı Andrey Averyanovu yeni yaradılmış ordunun başçısı təyin etmək oldu" - deyə hesabatda bildirilir.
RUSİ-nin hesabatına görə, əvvəllər sui-qəsdlərə görə məsuliyyət olan Andrey “Afrika Korpusu”nda nağd pul və müqavilələr müqabilində indi avtoritar rejimlərə sabitlik vəd edir.
Qeyd edilir ki, yeni ordu həm də Afrikada işə qəbulla bağlı elanlar verir. Təklif olunan maaş isə 280 min rubldur.
Tahir TAĞIYEV