Avropanın ikiüzlü siyasəti “bəhrə verir” - Azərbaycanla idxal-ixrac azaldı...
Rəsul Cahangirli: “Avropa İttifaqında Azərbaycanla əlaqələrin genişlənməsinə qarşı olan qüvvələr var, amma...”
Bu ilin yanvar ayında Azərbaycanın ümumi idxalında Avropa İttifaqı ölkələrinin payı 15,5%, ümumi ixracdakı payı isə 39,5% olub. Nəticədə ötən ilin eyni dövrü ilə müqayisədə həm idxal, həm də ixracda Avropa İttifaqı ölkələrinin payı azalıb.
Müqayisə üçün qeyd edək ki, ötən ilin yanvar ayında Azərbaycanın ümumi idxalında Avropa İttifaqı ölkələrinin payı 27,1%, ümumi ixracındakı payı isə 55,16% olub. Onu da bildirək ki, yanvar ayında ümumi idxalın 28,1%-i, ümumi ixracın isə 5,5% MDB ölkələrinin payına düşüb. Ötən ilin eyni dövrü ilə müqayisədə MDB ölkələrilə ticarətdə ciddi dəyişiklik olmayıb.
Maraqlıdır, Azərbaycanın Avropa ilə ticarət dövriyyəsi niyə azalıb? Son aylar Avropanın timsalında Azərbaycana münasibətdə sərgilənən qərəzli siyasətin ticarət dövriyyəsinin azalmasında hansısa rolu varmı?
“Ola bilsin ki, ötən ilin yanvarı ilə müqaisədə qazın qiyməti ucuzlaşdığı üçün belə böyük fərq yaranıb”
Sözügedən məsələyə aydınlıq gətirən ekspert Rəsul Cahangirli “Bakı-Xəbər”ə açıqlamasında ticarət dövriyyəsinin azalmasına birmənalı prizmadan yanaşmadı: “Ticarət dövriyyəsinin azalmasını məhz birmənalı olaraq siyasi amillərlə əlaqələndirmək çətin məsələdir. Ona görə ki, yanvar ayında qeydə alınan azalmanı bütün ilə şamil etmək doğru olmaz. Qarşıdakı aylarda ticarət dövriyyəsi arta bilər. Əgər azalma illik göstəriciləri əhatə etsəydi, o zaman bunu siyasi amillərlə əlaqələndirmək olardı. Nəzərə almaq lazımdır ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Ötən il ölkəmizin ümumi ticarət dövriyyəsinin 40 faizdən çoxunun bu beynəlxalq qurumun payına düşməsi, eyni zamanda, ixracın təxminən yarısının məhz Aİ-yə yönəlməsi bunun bariz ifadəsidir. Ölkəmizlə Aİ məkanına daxil olan 9 dövlət arasında strateji tərəfdaşlıq haqqında sazişlər imzalayıb. Hazırda respublikamız Cənubi Qafqazda Aİ-nin əsas ticarət tərəfdaşı hesab olunur. Bəli, Avropa İttifaqında Azərbaycanla əlaqələrin genişlənməsinə qarşı olan qüvvələr var. Onların da başında Fransa dayanır. Makron hakimiyyəti istəmir ki, Avroittifaqın Azərbaycanla siyasi-iqtisadi əlaqələri genişlənsin, ticarət dövriyyəsi artsın. Ancaq ortada reallıq var. Reallıq odur ki, Avropada Azərbaycan qazına tələbat artır. Reallıq odur ki, Çindən Azərbaycandan keçməklə Avropaya daşımalar artır. Bütün bu reallıqları bizə qarşı olan bədxah qüvvvələr dəyişə bilməzlər. Azərbaycanın Avropaya ixrac etdiyi əsas məhsul neft və qazdır. Ola bilsin ki, ötən ilin yanvarı ilə müqaisədə qazın qiyməti ucuzlaşdığı üçün belə böyük fərq yaranıb”.
Vidadi ORDAHALLI