DİM-in qazancı azalıb, imtahanların qiymətini qaldıracaq(?)...
Elşən Qafarov: “Zərərlə bağlı statistika bilərəkdən yayılıb ki, imtahan ödənişlərinin qiyməti artsın”
Dövlət İmtahan Mərkəzi (DİM) 2022-ci ili 2,317 milyon manat xalis zərərlə başa vurub. Qurumun maliyyə hesabatında qeyd edilir ki, bu, 2021-ci illə müqayisədə 13,2 dəfə çoxdur.
Məlumat üçün bildirək ki, DİM ölkə Prezidentinin 11 aprel 2016-cı il tarixli fərmanı ilə yaradılıb. Onun nizamnamə kapitalı 1 milyon manatdır. Mərkəz dövlət qulluğu üçün kadrların seçilməsi, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun həyata keçirilməsi məqsədi ilə, habelə müqavilə əsasında dövlət orqanları, hüquqi və fiziki şəxslər üçün imtahanlar təşkil edən publik hüquqi şəxsdir.
Maraqlıdır, bu zərərdən dolayı DİM imtahanların qiymətini artıra bilərmi?
“Dövlət İmtahan Mərkəzinin bir ildə 2 milyon zərər etməsi inandırıcı görünmür, çünki….”
Təhsil eksperti Elşən Qafarov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Dövlət İmtahan Mərkəzi (DİM) ölkənin imtahan və müsabiqələrini həyata keçirən publik hüquqi şəxsdir. Bu qurum 30 ildən artlq təcrübəyə malikdir: “Amma reallıq budur ki, bu illər ərzində cəmiyyət və dövlət inkişaf etdikcə, DİM-in imtahan mexanizmində də dəyişiklik edilməli idi. Lakin təəssüflər olsun ki, biz dəyişikliyi görmədik. DİM-in bugünkü imtahan mexanizmi Azərbaycan gəncini öz istədiyi ixtisas üzrə təhsil alıb dövlətə və cəmiyyətə fayda vermək imkanından məhrum edir”.
Ekspert hesab edir ki, Dövlət İmtahan Mərkəzinin bir ildə 2 milyon zərər etməsi inandırıcı görünmür. Çünki Dövlət İmtahan Mərkəzinin böyük bir aparatı yoxdur. Bu tam inandırıcı deyil ki, ziyanla işləyir: “Bu xərclərdən xilas olmaq üçün DİM islahatlara getməlidir. Test, vəsait hazırlamaq kimi səlahiyyətləri DİM-dən almaq lazımdır. DİM sadəcə olaraq imtahanları keçirən texniki quruma çevirilməlidir. Bununla da DİM xeyirlə işləyən quruma çeviriləcək, ziyandan azad olacaq. DİM-in strukturunda ümumiyyətlə, dəyişiklik etmək lazımdır".
E.Qafarovun fikrincə, imtahan ödənişlərinin qiyməti artacaq. Zərərlə bağlı statistika bilərəkdən yayılıb ki, imtahan ödənişlərinin qiyməti artsın.
Günel CƏLİLOVA