Bakı yollarındakı avtobus zolaqları Milli Məclisin müzakirəsində…
Elxan Əliyev: “Avtobusların intensiv şəkildə hərəkət edə bilməsinə şərait yaratmaq lazımdır”
İctimai nəqliyyatdan istifadə edən sərnişinlər evdən nə qədər erkən saatda çıxsalar da, hər gün işə gecikdiklərini deyirlər. Bu problem Milli Məclisdə də müzakirə edilib. Milli Məclisin ötən iclasında Bakıda avtobus zolağından minik maşınlarının istifadəsinin vacibliyi qeyd edilib. Millət vəkilləri bildiriblər ki, avtobus yolu avtobus olmasa belə boş olur, tıxac yaradır:
“Olmaz ki, avtobuslar olmayanda avtomobillər o yola girəndə cərimə yazılmasın?".
Maraqlıdır, avtobus zolağından digər avtomobillərin də istifadəsi mümkündürmü? Bu zaman yenə tıxac yaranmayacaqmı?
“Nəqliyyat vasitələri kütləvi şəkildə avtobus zolağına daxil olsa, o zaman daşıyıcıların hərəkətində çətinlik yaranar, tıxacın uzunluğu daha da artar”
Sosial sahə üzrə ekspert Elxan Əliyev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, avtobus yolu sırf daşıyıcılar üçün nəzərdə tutulub: “Günün istənilən vaxtında avtobus yolunda daşıyıcılar hərəkət edir. Yalnız gecələr avtobus işləmir. O vaxtı da yol boş olur, tıxac problemi olmur”.
Ekspert hesab edir ki, avtobusların intensiv şəkildə hərəkət edə bilməsinə şərait yaratmaq lazımdır. Nəqliyyat vasitələri kütləvi şəkildə avtobus zolağına daxil olsa, o zaman daşıyıcıların hərəkətində çətinlik yaranar. Tıxacın uzunluğu daha da artar. Avtobus zolağına minik avtomobilləri, mikroavtobuslar da çıxır. Məsələn, həmin zolaqda Bakı-Sumqayıt istiqamətində fəaliyyət göstərən avtobuslar getməli olsa da, regionlara gedən avtobuslar da o hissəyə daxil olur. Əslində isə bu yolverilməzdir. Həmin zolaqda məhz ora üçün nəzərdə tutulan nəqliyyat vasitəsi hərəkət etməlidir”.
Həmsöhbətimiz bildirdi ki, şəhər küçələrində, prospektlərdə ictimai nəqliyyat üçün ayrıca zolağın mövcud olması çox gözəldir. Məqsəd də odur ki, avtobus tıxaca düşməsin, insanlar mənzil başına rahat çatsınlar və həm də anlasınlar ki, ən yaxşı seçim ictimai nəqliyyatdır.
Günel CƏLİLOVA