Paşinyan KTMT ilə bağlı növbəti ziddiyyətli mövqeni göstərdi...
Emin Həsənli: “İndiki halda KTMT ilə bağlı müzakirələr sadəcə Rusiyaya təzyiq və Qərb partnyorlarına mesaj xarakteri daşıyır”
Ermənistanın Rusiyanın hakim olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında iştirakı dondurulub. Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan “France 24”ə müsahibəsində söyləyib.
Eyni zamanda, hökumət başçısı vurğulayıb ki, Ermənistanda yerləşən Rusiyanın 102-ci hərbi bazasının mövcudluğu məsələsi gündəlikdə deyil.
Dondurulub nə deməkdir? Ya orda olmalısan, ya da yox. Bu ikibaşlı bəyanatla Paşinyan nə demək istəyir?
Hərbi-siyasi şərhçi Emin Həsənli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistan hər zaman bir neçə başlı siyasət yürüdüb: “Düşünür ki, bunun nəticəsində nəyəsə nail ola biləcək. Bunun nəticəsində bir tərəfdən Qərbin maddi və siyasi dəstəyini alır. Digər tərəfdən isə Rusiyanı şantaj edirlər. İstəyirlər ki, Rusiyadan son dönəmdə aldıqları 400 milyon dollarlıq silahın ardını əldə etsinlər. Bunu pulsuz əldə etmək istəyir. Deyir ki, mən regionda sənin mənafeyini müdafiə edirəmsə, sən də mütləq mənada Ermənistana dəstək verməlisən. Hətta hərbi bazanın belə adını çəkir ki, onu Ermənistandan çıxara bilərlər. Özünə yer qoyur ki, asan manevr edə bilsin. Lazım olanda KTMT-dən çıxıb, Rusiya bazasını da ölkədən çıxarmaqla tam olaraq Qərbin qucağına atılsın. Bütün tərəflərlə birdən-birə münasibətlərini yandırmaq istəmir. Paşinyanı hakimiyyətə Qərb gətirib, o da onlara əvəzini verir.
Ermənistanın KTMT-dən çıxması aktiv şəkildə müzakirə edilsə də real bir şey kimi görünmür.
Hazırda Ermənistanın ərazisində mövcud olan Rusiya hərbi bazası və Rusiya ilə ortaq hava müdafiəsi sisteminin mövcudluğu bu işi daha da mürəkkəb edir.
İndiki halda KTMT ilə bağlı müzakirələr sadəcə Rusiyaya təzyiq vasitəsi və Qərb partnoyrlarına mesaj xarakteri daşıyır. Rusiya hələ də Ermənistan daxili siyasətinə təsir etmə mexanizmlərinə malikdir. Ermənistan faktiki olaraq bütün dünyanı, o cümlədən üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını qanunsuz, saxta tələbləri, istəkləri ilə təngə gətirib. Düzdür, Ermənistanın bacısı sayılan Fransa, digərləri erməniçiliyi öz korporativ maraqları naminə müdafiə edir, bu saxtakarlığa dəstək, rəvac verirlər və sanki bundan zövq də alırlar.
Ancaq reallıq bundan ibarətdir ki, erməni həyasızlığı sərhəd tanımır və hər addımda səslərini başlarına ataraq beynəlxalq gücləri, qurumları Azərbaycana qarşı qaldırmağa çalışırlar. Xüsusən də müharibə zamanı Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını Qarabağda gedən proseslərə cəlb etmək üçün hər vasitəyə əl atdı, ancaq mümkün olmadı”.
Məhəmmədəli QƏRİBLİ