“Onlar Ermənistanı Ukraynaya çevirmək istəyirlər" - Eduard Şarmazanovdan Paşinyana İTTİHAM
Ermənistanda Nikol Paşinyan əlehyinə etirazlar durmadan artır. Xüsusilə hazırkı baş nazirin qərbyönümlü siyasəti və bölgədə açıq şəkildə rəsmi Parisin oyuncağına çevrilməsi qəzəblə qarşılanmaqdadır. Ermənistan parlamentinin keçmiş vitse-spikeri, politoloq Eduard Şarmazanov ölkəsinin Ukraynaya çevriləcəyi barədə xəbərdarlıq edib. “Aysor” erməni saytının məlumatında deyilir ki, o, bu məsələdə Qərbi və Ermənistan baş naziri Nikol Paşinyanı ittiham edib. “Onlar Ermənistanı Ukraynaya çevirmək istəyirlər. Bu isə o deməkdir ki, dövlətimiz anti-Rusiya tramplininə çevriləcək, suverenliyini itirə, yeni ərazi və insan itkiləri verə bilər”, - E.Şarmazanov söyləyib.
Siyasətçi, həmçinin N.Paşinyanı Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili və Ukrayna dövlət başçısı Volodimir Zelenski ilə müqayisə edib: “Onları birləşdirən nədir? Qərbə sevgi, Rusiyaya nifrət. Onlar itkiyə səbəb olmaqla seçilirlər. Bir şey aydındır: ölkəmiz Paşinyandan xilas olmalıdır. Əks halda pis sürprizlər olacaq”.
Mətləb Salahov