Yasamal polisi 161 saylı məktəblə birgə narkomaniya əleyhinə tədbir keçirdi...
Bakı şəhəri Yasamal rayonu C.Cabbarlı adına 161 nömrəli tam orta məktəbdə “Narkomaniya ümumbəşəri bəladır” mövzusunda maarifləndirici tədbir keçirildi. Tədbirdə Yasamal rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin rəisi polis mayoru Anar İbrahimov, Yasamal Rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki İşin Təşkili Bölməsinin rəisi polis polkovnik – leytenant Nəbi Nəcəfov, Yasamal rayon Polis İdarəsinin Veteranlar Şurasının Sədri Xanlar Ağayev, Yasamal rayon İcra Hakimiyyətinin Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın katibi Rasim Əliyev, “Miqrasiya sahəsinin inkişafı” İctimai Birliyin Sədri Vidadi Fətullayev və məktəbin müəllim və şagird kollektivi iştirak edirdilər.
Məktəbin direktor səlahiyyətlərini icra edən Hüseynova Rəna çıxış edərək tədbirin məqsədindən, ölkə prezidentinin narkomaniya ilə mübarizədə gordüyü tədbirlərdən, gənclərə xüsusi qayğısından danışdı. Qeyd etdi ki, müasir gənclərimiz “bizim milli-mənəvi dəyərlərimizə sadiq , yad təsirdən uzaq, bilikli, savadlı, vətənpərvər insan” olmalıdırlar.
Polis mayoru Anar İbrahimov çıxış edərək müasir dövrün ən qorxulu bəlalarından olan narkomaniya və onun fəsadları barədə nümunələr əsasında ətraflı məlumat verdi. Vidadi Fətullayev öz çıxışında narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi, onun qarşısının alınması üçün maarifləndirici tədbirlərin əhəmiyyətini xüsusi vurğuladı. Nəbi Nəcəfov gənc nəslin sağlamlığının qorunması istiqamətində fikir və təkliflər irəli sürdü, müəllimlərə, məktəblilərə müəyyən tövsiyələr verdi. Sonda qonaqlar məktəb şagirdlərini maraqlandıran sualları cavablandırdılar.
Mətləb