Köhnə "Kubinkada" "köhnə-yeni mənzil" davaları bitmir - yeni mübahisə...
Hüseyn Axundov: “MTK-lar heç bir halda onların bu hüququnu pozaraq, razılaşdıqları sakinlərin mənzillərini binada yaşayış olarkən sökə bilməz”
Bakının mərkəzində, “Kubinka” kimi tanınan ərazidə bir qrup sakin onlara rəsmi icazə təqdim etmədən evlərinin söküldüyünü iddia edir. Məlumatlarda evlərin sökülməsinə görə sakinlərə hər kvadrat metrə görə 2 min manat təklif olunduğu bildirilir.
Yeni bina tikəcək şirkət onu da təklif edir ki, istəyən sakinə evinin kvadrat metrinə uyğun yeni binadan ev verəcək. Bu təkliflə razılaşanlarla yanaşı buna etiraz edənlər də az deyil. Narazılıq edənlər hər kvadrat metrə görə 2 min manatın az olduğunu bildirirlər.
Maraqlıdır, sakinlərin razılığı olmadan tikinti şirkəti hansı halda onların evini sökə bilər?
“Vətəndaşla sahibkar arasında razılaşma və məhkəmə qərarları olmadan ona məxsus olan hər hansı predmetin başqa yerə qoyulması qadağandır”
Hüquqşünas Hüseyn Axundov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, mütləq mülkiyyətçi ilə razılıq olmalıdır: “Hətta belə bir fakt da var ki, Bakının rayonlarının birində hündürmərtəbəli bina tikiblər, yanında isə həyət evi var. Ev sahibi razılaşmadı, şirkət də onu sökdürə bilmədi. Ona görə də hüquqi şəxslər bilməlidir ki, mülkiyyətçiyə qarşı basqılar qanunsuzdur, sabah buna görə cavab verməli olar. İstismar müddəti bitmiş binalar sökülməli olsa da, burada vətəndaşın mülkiyyət hüququ pozulmamalıdır. Bina istər pilot, istər də yerli icra orqanlarının razılığı ilə sökülsün, bu zaman mülkiyyət sahibi ilə razılaşdırılmalıdır. Əksər hallarda tikinti şirkətləri daha çox qazanmağa çalışırlar. Binada yaşayanların müəyyən hissəsinin razılığı alındıqda razılaşmayanlara qarşı qanunazidd hərəkətlər edilir. Sahibkarların söküntüyə təyin etdiyi məsul şəxs digər sakinlərin müqaviləyə imza atması üçün onun mülkiyyətinə qarşı qanunsuz hərəkətlər edir”.
Hüquqşünasın sözlərinə görə, vətəndaşla sahibkar arasında razılaşma və məhkəmə qərarları olmadan ona məxsus olan hər hansı predmetin başqa yerə qoyulması qadağandır. Belə halda MTK-lar vətəndaşlara qarşı qanunsuzluq etmiş olurlar: “Hər vətəndaşın mülkiyyətinin toxunulmazlıq hüququ var. MTK-lar heç bir halda onların bu hüququnu pozaraq razılaşdıqları sakinlərin mənzillərini binada yaşayış olarkən sökə bilməzlər. Bu, dünyada da qəbulolunmaz haldır”.
Günel CƏLİLOVA