Xalqımızın cəmi 19 faizi ali təhsillidir? - Qonşulardan geridəyik...
Aytəkin Kamranqızı: “Azərbaycan bu gün ali təhsilli insanların sayına görə dünyada ən aşağı yerlərdədir”
Statistikaya əsasən, Azərbaycan əhalisinin cəmi 19 faizi ali təhsillidir. Bu rəqəm qonşu ölkələrə nisbətən olduqca aşağıdır.
Məsələn, Rusiyada bu göstərici 56 faiz, Gürcüstanda 31 faiz, Ermənistanda isə 28 faiz təşkil edir. Təhsil mütəxəssisləri ali təhsilli insanların sayının aşağı olmasını müxtəlif səbəblərlə izah edir.
“Universitetlər dövlət və özəl şirkətlərlə bir memorandum bağlamalıdır, bunlar olarsa, təhsil almağa meylli gənclərin də sayı artar”
Sosioloq Aytəkin Kamranqızı “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Azərbaycan bu gün ali təhsilli insanların sayına görə dünyada ən aşağı yerlərdədir: “Vətəndaşımızın cəmi 19 faizi ali təhsillidir. Bəli, bu gün Azərbaycanda 51 ali təhsil müəssisəsində 200 mindən artıq tələbə təhsil alır. Ölkə vətəndaşlarının sayının 10 milyonu ötdüyünü nəzərə alsaq, 200 min aktiv tələbə ölkə vətəndaşının çox az bir faizini təşkil edir. Ona görə biz birinci ali təhsilli insanların sayını artırmalıyıq. Bəli, ola bilər ki, bu, iş yerləri ilə bağlı problem yaradacaq, amma bütün hallarda əmək bazarında rəqabət mühiti formalaşacaq. Daha savadlı insanlar işlə təmin olunacaq, nəticədə keyfiyyətli xidmət olacaq. Bu gün Azərbaycan ali təhsil müəssisələrinin məzunlarının cəmi 42 faizi işləyə bilir, 58 faiz ya işləmir, ya da fərqli sahələrdə işləyir. Biz hələ ki mübarizə aparırıq ki, ali təhsilli insanların sayı artsın. Ondan sonra isə keyfiyyətli ali təhsildən danışacağıq. Çünki ortada keyfiyyət yoxdur”.
Ekspert hesab edir ki, əmək bazarında tələbat hansı sahələrə çoxdursa, o ixtisasların ölkədə olması vacibdir. Bunun üçün beynəlxalq təcrübələr araşdırılmalı və inkişaf etmiş ölkələrdə tələbat olan ixtisaslar ölkəmizdə də açılmalıdır. Ümumiyyətlə, bu sahədə təcrübəli mütəxəssislər yetişdirmək vacibdir ki, onların təminatı yaxşı olsun. Müvafiq olaraq universitetlər dövlət və özəl şirkətlərlə bir memorandum bağlamalıdır. Əgər bunlar olarsa, təhsil almağa meylli gənclərin də sayı artar. Əks təqdirdə, xaricə üz tutan tələbələrin geri qayıtması qeyri-mümkündür.
Günel CƏLİLOVA