Asiya Parlament Assambleyasına Azərbaycan sədrlik edəcək
Azərbaycan Milli Məclisi Asiya Parlament Assambleyasına sədrliyi iki il müddətinə öz üzərinə götürür. Bu barədə Azərbaycan parlamentinin sədri Sahibə Qafarova fevralın 22-də Bakıda keçirilən Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında çıxışı zamanı deyib. Sədrin sözlərinə görə, qardaş Türkiyədən sədrliyi təhvil almaq qürurvericidir.
S.Qafarova qeyd edib ki, bu gün humanitar böhranlar, münaqişələr, yoxsulluq, iqlim dəyişikliyi, ayrı-seçkiliyin artması, irqçilik, ksenofobiya və islamafobiya kimi günümüzün aktual problemləri də Asiya regionuna mənfi təsir göstərir:
"Etiraf etmək lazımdır ki, bütün bu çağırışları tək-tək yox, yalnız birgə səylərlə kollektiv şəkildə həll etmək olar. Bu, regionumuzda sülh, təhlükəsizlik, sabitlik və davamlı inkişafa da aiddir. Təbii, insan resurslarını, müxtəlif sahələrdə əldə etdiyi nailiyyətləri nəzərə alaraq hesab edirəm ki, regionumuz bu çağırışların öhdəsindən gəlmək üçün kifayət qədər imkanlara malikdir".
Spiker vurğulayıb ki, Asiya regionunun coğrafiyası, demoqrafiyası, mədəniyyəti və din müxtəlifliyi ölkələrimizi və xalqlarımızı bir-birindən ayırmır: "Əksinə, bu müxtəlifliklər onları zənginləşdirir və daha da yaxınlaşdırır. Asiyanın əməkdaşlıq, dialoq və həmrəylik baxımından təklif edəcəyi çox şey var. Bu mənada Asiya Parlament Assambleyası bu məqsədlər üçün mühüm çoxtərəfli platformadır".
Mətləb Salahov