Rusların Xarkova atdığı ballistik raketin hissələrinin ABŞ və Avropa istehsalı olduğu ortaya çıxdı…
Rusiya lideri Vladimir Putinin verdiyi əmrlə başlayan Rusiya-Ukrayna müharibəsi 2022-ci ilin fevralından bu yana davam edir. Bu dönəmdə böyük təzyiqlərə məruz qalan Rusiya ABŞ və Qərb ölkələrinin sanksiyalarına baxmayaraq geri addım atmadı.
Rusiyaya müharibədə dəstək verən ölkələrdən biri də Şimali Koreyadır. Şimali Koreya müharibənin ilk günlərindən Rusiyanı dəstəkləndiyini və böhranın əsas səbəbkarının ABŞ olduğunu bildirib.
Bu arada, CNN International Rusiyanın istifadə etdiyi raketlərin bəzi hissələri ilə bağlı maraqlı xəbər yayıb. Bildirilir ki, Münaqişə və Silahlanma Araşdırmaları Təşkilatı (CAR) Rusiyanın Ukraynanın Xarkov şəhərinə atdığı Şimali Koreya istehsalı olan ballistik raketin 290 hissəsini araşdırıb. Sözügedən ballistik raketin hissələrinin 75 faizinin mərkəzi ofisi ABŞ-da olan şirkətlərə, 16 faizinin Avropa şirkətlərinə, 9 faizinin isə Asiyadakı şirkətlərə aid olduğu iddia edilib.
Mütəxəssislər tərəfindən araşdırılan raket hissələrinin 2021-2023-cü illərdə hazırlandığı bildirilən xəbərdə, Pxenyan rəhbərliyinin sözügedən Qərb texnologiyalarını əldə etməkdə qabaqcıl şəbəkəyə sahib olduğu vurğulanıb.
Bayden administrasiyası 2022-ci ildə İran kimi ölkələrin Qərb istehsalı texnologiyalara çıxışının qarşısını almaq üçün bəzi ixrac məhdudiyyətləri və sanksiyaları tətbiq edib. Ancaq CAR-ın keçən il Rusiyanın Ukraynaya qarşı istifadə etdiyi İran istehsalı olan hücum dronlarının hissələrinin 82 faizinin ABŞ şirkətləri tərəfindən istehsal edildiyi ortaya çıxarmışdı.
Tahir TAĞIYEV