Çoxsaylı Münhen və Davos görüşləri 7 fevral seçkilərinə münasibəti ifadə etdi...
Təbriz Musayev: “Bütün bu uğurların siyasi memarı ölkə başçısı olduğu üçün 7 fevral seçkilərində seçicilərin 92 faizi ona səs verdi”
Azərbaycanın guya özünü Qərbdən, Avropa strukturlarından təcrid etdiyi, oradan uzaqlaşmaq istədiyi ilə bağlı müəyyən düşmən mülahizələr səsləndirilirdi. Azərbaycanın Davos və Münhenə dəvəti bir daha göstərdi ki, bu yalançı təbliğatın heç bir əsası yoxdur.
Prezident İlham Əliyevin Münhendə məhz qarşı tərəflərin müraciəti ilə çoxsaylı görüşlər keçirməsi bu iddiaları alt-üst etdi.
Bütün bunlar bir daha sübut etdi ki, Azərbaycan Qərbdə və Avropada öz yerini görür. Bu geosiyasi məkanla ardıcıl və dərin inteqrasiyada maraqlıdır, amma öz milli mənafeyinə uyğun olaraq siyasətini balanslı şəkildə qurmaq siyasətini bu gün də davam etdirir. Yəni milli maraqlar çərçivəsində dünyanın bütün qütübləri ilə əməkdaşlıq və inteqrasiyada maraqlıdır. Xüsusən də 7 fevral seçkilərindən sonra Münhendə Prezident Əliyevlə görüşlərə böyük marağın olması təsadüfi deyil. Keçirilən görüşlər, ölkə başçısının Münhen Təhlükəsizlik Konfransına dəvət olunması, həm də Azərbaycanda keçirilən seçkilərə dünyanın reaksiyasının və verdiyi qiymətin bir formasıdır.
O baxımdan belə yüksək səviyyəli dəvət və görüşlərin seçkidən sonra baş verməsi təsadüfdürmü? Bunların arasında hansı bağlılıq var?
“Məhz bir sıra böyk uğurlarına görə Münhendə Prezident Əliyevlə görüşlərə ciddi maraq var idi”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayev hesab edir ki, bütün bunlar əsla təsadüf deyil: “Bu, Prezident Əliyevə və Azərbaycanın geosiyasi önəminə göstərilən böyük diqqətdir. Əvvəla, Azərbaycan heç vaxt birtərəfli xarici siyasət yeritməyib. Azərbaycan nadir ölkələrdəndir ki, Rusiya qoşunlarını 30 il əvvəl ölkədən çıxarıb, Qərbin böyük neft şirkətləri ilə kontraktlar imzalayıb. Eyni zamanda regiondakı böyük dövlətlərlə mehriban qonşuluq əlaqələri qurub. Hansısa ölkəyə qarşı böyük dövlətlərin maraqlarına uyğun plasdarm olmayıb. Bunu Qərbdə yaxşı bilirlər. Çünki birtərəfli siyasət aparan dövlətin tam müstəqilliyindən danışmaq yersizdir. Azərbaycan ballanslaşdırılmış siyasət sayəsində ərazi bütövlüyünü və suverenliyini tam təmin etdi. Bunu bütün dünya gördü. Üstəlik, Azərbaycanın bu möhtəşəm qələbəsindən sonra ölkəmizə dünya miqyasında, beynəlxalq platformalarda hörmət artıb. Bütün bu uğurların siyasi memarı Prezident Əliyev olduğu üçün 7 fevral seçkilərində seçicilərin 92 faizi ona səs verdi. Bütün ölkə ərazisində seçki keçirildi. Məhz bir sıra böyk uğurlarına görə Münhendə Prezident Əliyevlə görüşlərə ciddi maraq var idi. Qərb gördü ki, Azərbaycan ərazi bütövlüyünü tam təmin etsə də milli maraqlardan kənara çıxmır. Bütün tərəflərlə balanslaşdırılmış qarşılıqlı əməkdaşlığa önəm verir. Azərbaycanın ticarət dövriyyəsinin böyük hissəsi Qərblədir. Azərbaycan Qərbin enerji təchizatına töhfə verir. O zaman hansı uzaqlaşmadan söhbət gedə bilər?”
Vidadi ORDAHALLI