Üç yüksək ABŞ rəsmisi eyni gündə İlham Əliyevlə niyə görüşdü - Ermənistan arxa planda...
Ceyhun Məmmədov: “Münhen Konfransı göstərdi ki, ABŞ apardığı siyasətin səhv olduğunu anlayır”
Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Prezident İlham Əliyev qarşı tərəfin müraciətinə əsasən 20-dən çox görüş keçirib. Prezident Əliyev təkcə Birləşmiş Ştatların 3 rəsmisi ilə eyni gündə görüş keçirib.
Dövlət katibi Entoni Blinkenlə, ABŞ Prezidentinin qlobal infrastruktur və enerji təhlükəsizliyi üzrə xüsusi koordinatoru Amos Hoxşteynlə və ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsi Con Kerri ilə görüşüb. Özü də bu görüşlər elə bir vaxtda keçirilir ki, ABŞ-Azərbaycan münasibətlərində müəyyən məsafə yaranıb. Arada məsafənin yaranması, münasibətlərin soyuq olması, təbii ki, Azərbaycan siyasəti ilə bağlı deyil. Bu, daha çox onunla bağlıdır ki, ABŞ Azərbaycanla siyasətini Ermənistanın mənafeyi üzərində qurmağa meylli idi. O cümlədən, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa edərkən atdığı addımları Qarabağ ermənilərinə “təcavüz” kimi təqdim edirdi. Necə deyərlər, Ermənistana aid olan məsələni Azərbaycanla münasibətlərə tətbiq edirdilər. Nəticədə ABŞ-Azərbaycan münasibətləri soyuq bir hala gəlirdi. Ancaq görünən odur ki, ABŞ rəsmiləri sonradan öz səhvlərini anladılar. Başa düşdülər ki, Ermənistana nəzərən Azərbaycanla siyasət qurmaq olmaz. O üzdən, ABŞ-ın 3 rəsmisinin Prezident Əliyevlə görüşü onun ifadəsidir ki, artıq Vaşinqton öz səhvini anlayıb. Yəni ABŞ rəsmiləri Azərbaycanla münasibətlərə yeni rakursdan baxmağa başlayıblar. Prezidentə göstərilən maraq bu idi. Elə bu günlərdə də Vaşinqtonda Avroatlantika Şurasının Qlobal enerji siyasətində Azərbaycanın rolu ilə bağlı müzakirələr gedir. Elə bunun özü də Azərbaycanın dünya üçün enerji təhlükəsizliyi sistemində nə qədər əhəmiyyətli rola malik olmasının ABŞ tərəfindən anlaşıldığının bir təzahürüdür. Beləliklə, 3 ABŞ rəsmisinin Münhendə Prezident Əliyevlə görüşməsi Azərbaycan siyasətinin artıq Vaşinqton tərəfindən qəbul olunduğunu göstərir. Həmçinin ABŞ-ın Azərbaycana Ermənistanın üzərindən siyasət qurması kimi bir taktikadan imtinasının əlamətləri sayıla bilər.
“Əvvəl onlar düşünürdülər ki, Ermənistan vasitəsilə bizə təzyiq göstərə bilərlər”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən millət vəkili Ceyhun Məmmədov hesab edir ki, Münhen Təhlükəsizlik Konfransında gedən proseslər Azərbaycanın önəmini bir daha ortaya qoydu: “Münhen Konfransı göstərdi ki, ABŞ apardığı siyasətin səhv olduğunu anlayır. Əvvəl onlar düşünürdülər ki, Ermənistan vasitəsi ilə bizə təzyiq göstərə bilərlər. Ancaq bunun belə olmadığını çox keçmədən anladılar. Çünki Azərbaycan haqlı tərəf idi. Əslində biz bütün dövlətlərlə normal münasibətlərin tərəfdarıyıq və bu əlaqələrin inkişafını istəyirik. Ancaq təəssüf ki, Qarabağda antiterror əməliyyatlarından sonra Birləşmiş Ştatlar haqqın və ədalətin yanında yox, təcavüzkar Ermənistanın yanında oldu. O Ermənistan ki, Xocalıda soyqırım törətmişdi. ABŞ Ermənistanı dəstəkləyərək bizə təzyiq etməyə başladı. Ancaq bunlar heç bir effekt vermədi. Nəticədə Birləşmiş Ştatlar rəsmiləri özləri Prezident İlham Əliyevlə görüşə can atmağa başladılar. Müəyyən məsələləri müzakirə etmək barədə qərara gəldilər. Halbuki, biz istərdik əvvəldən ABŞ Azərbaycanla münasibətini doğru qursun. Çünki Azərbaycan hər zaman Birləşmiş Ştatlara dəstək olub. Əfqanıstanda təhlükəsizliyin təmin olunmasında yaxından iştirak edib. Ancaq Vaşinqtonun ermənipərəst siyasətini görəndə, bu, cəmiyyətimizdə məyusluq və ABŞ-a qarşı qəzəb yaradır. O anlamda hiss olunur ki, ABŞ səhv siyasətinin fərqindədir və bununla bağlı fərqli mövqe sərgiləyir. Azərbaycanla münasibətin ermənilərə görə qurulmasının səhv olduğunu anlayır. Artıq zamanı çatıb ki, belə yanlış siyasətin aparılmasına son qoyulsun”.
Vidadi ORDAHALLI