Zatulin ermənilərin Qarabağa qayıdışı əleyhinə böyük təxribat etdi...
Elşən Həsənov: “...Moskva siyasi hakimiyyətinin gündəmindədir və o öz fikirlərini Zatulun kimilərinin ağzı ilə bəyan edir”
Rusiya sülhməramlılarının Dağlıq Qarabağda missiyasını davam etdirmək üçün əsaslar var, bunu Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin müsahibəsində deyib:
“Mövcud şərait erməni əhalisinin geri qayıtması üçün əlverişli deyil. Amma qayıdışın özü və ermənilərin yüz illərlə Dağlıq Qarabağda yaşaması faktını nəzərə almaq olmaz. Əgər Azərbaycan rəhbərliyinin xoş niyyəti varsa, bütün dünyanın gözündə sivil görünmək arzusu varsa, bu barədə düşünməlidirlər. Bunun üçün tamamilə mümkündür ki, bizim sülhməramlılarımız orada lazım olsun, çünki bu, geri qayıdanlar üçün müəyyən təminat və tarixi-mədəni irsin qorunub saxlanmasına müəyyən təminatdır”.
Zatulin daha sonra deyir ki, erməni əhalisinin Dağlıq Qarabağ ərazisini tərk etməsi ilə bu ərazidən nə tarixi, nə dini abidələr, nə də sakinlərin tərk etmək məcburiyyətində qaldıqları mülklər yoxa çıxıb: “Bəzi ümidlər var ki, Ermənistan əhalisinin müəyyən hissəsi qayıda bilər. Amma Azərbaycanın hazırda qoyduğu şərtlər çoxları üçün qəbuledilməzdir... Mütləq Azərbaycan vətəndaşlığını qəbul etmək zərurəti ortaya çıxmış olur. Lakin bu gün mövcud olan çətin münasibətlərə görə “Dağlıq Qarabağ”dan olan ermənilər Azərbaycan vətəndaşlığının onlara verilməsi cəhdinin kişi əhalinin Azərbaycan ordusuna çağırılmasına səbəb ola biləcəyindən narahatdırlar. İndiki münaqişəni, o cümlədən sərhəd münaqişələrini nəzərə alsaq, onlar istəməzdilər ki, bəzi erməni əsgərləri digərlərinə atəş açsın”.
Zatulin bu açıqlsması ilə iki hədəfi nişan almış olur. Birincisi, erməni əhalinin beyninə yeridir ki, Azərbaycan vətəndaşlığını üzərlərinə götürmək onlar üçün ciddi təhlükəyə çevrilə bilər. Onları mədəni şəkildə bu yoldan çəkindirməyə çalışır. İkincisi isə, izah edir ki, bunu etsələr gələcəkdə öz erməni qardaşlarına güllə atmış olacaqlar. Faktiki olaraq, bölgədə müharibə ocağının sönməyəcəyinə, sülhün əldə olunmayacağına işarə etmiş olur.
Zatulinin bu provokasion cəhdi ilə bağlı ekspertlər nə düşünür?
Təhlükəsizlik məsələləri üzrə ekspert Elşən Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Zatulinin söylədiyi fikirlərə, işlətdiyi ifadələrə təəccüb etməməliyik: “Ümumiyyətlə, erməni millətinə mənsub olan şəxslərin yenidən Azərbaycanın Qarabağ bölgəsinə qaytarılması fikri heç də təkcə Zatulinə məxsus deyil.
Əlbəttə ki, bütün bunlar bölgədə, yəni tərəflər arasında gərginliyin saxlanılmasına yönəlik addımlardır. Azərbaycan tərəfi müəyyən şərtlər daxilində erməni millətinə mənsub olan şəxslərin Azərbaycanda yaşamasına mane olmayacağını bildirmişdi. Yəni əlinə silah alıb Azərbaycana qarşı vuruşmayan, münaqişədən əvvəl də bu yerlərdə yaşamış olan və s. kateqoriyalı şəxslərin qayıdışına, düşünürəm ki, heç bir maneə yoxdur. Təbii ki, buradan doğacaq suallar da meydana çıxacaq. Amma hər bir məsələni planlı, düşünülmüş şəkildə həll etmək olar.
Maraqlıdır ki, ermənilərin Azərbaycana qayıdış məsələsinin gündəmdə qalmasına və bundan təxribat məqsədi ilə istifadə etmək istəyən qüvvələr vaxtilə Ermənistan ərazisindən zorla deportasiya edilmiş azərbaycanlılar haqqında bir kəlmə də danışmırlar. Əgər söhbət məsələnin “ədalətli” həll planından gedirsə, o zaman azərbaycanlı olan şəxs öz ata - baba yurduna niyə qayıtmamalıdır?
Tutaq ki, Azərbaycan tərəfi belə bir addımı birtərəfli qaydada atmağa hazır olduğunu bəyan etmiş olsa belə, sizi inandırıram ki, bizi yeni problemlərlə üz-üzə qoymağa çalışacaqlar.
Görünən budur ki, münaqişə ocağının yenidən alovlanmasında maraqlı olan Rusiya tərəfi Zatulin kimi şəxslərdən istifadə edərək, əslində öz gələcək siyasi planlarını ortaya qoyurlar. Ümumiyyətlə götürdükdə isə, Rusiya hərbi kontingentinin bu ərazilərdən getmək kimi bir fikri yoxdur. Elə bir müddət əvvəl də sərhəd zonasında – daha dəqiq ifadə etsək, təmas xəttində baş vermiş toqquşma buna əyani sübutdur.
Rusiyanın Azərbaycan və Ermənistana Rus imperiyasının əyaləti kimi baxması, Orta dəhliz layihəsinə nəzarəti əldə saxlamaq cəhdləri, ümumiyyətlə isə Qafqazın cənubuna tam nəzarət iddiası hələ də Moskva siyasi hakimiyyətinin gündəmindədir və o öz fikirlərini Zatulun kimilərinin ağzı ilə bəyan edir”.
Məhəmmədəli QƏRİBLİ