"156 saylı məktəbin direktorunu bu başdan təbrik edirəm, böyüdəcəklər...."
Bakı şəhərində baş verən və cəmiyyəti silkələyən iki üzücü hadisədə yenə məktəb və direktor adı hallandı. Birinci hadisə barədə çox danışıldığı üçün, detallara varmıram. Bir onu deyim ki, həmin hadisədə məktəb direktorunun ərsəyə gətirdiyi ən “şah əsəri” öz qatilinə çevrildi.
İkinci hadisədə isə şagird adı hallandığı üçün, direktor cavabdeh kimi jurnalistlərin “çarmıxına” tuş gəldi. Söhbət 156 saylı məktəbin direktorunun televiziyalara verdiyi eksklüziv müsahibədən gedir.
Mən həmin səhnəni bir neçə dəfə təkrar izlədim. Bu səhnəyə telejurnalistlərlə direktorun dueli adını da vermək olardı. Lazım olan korrupsioner məmurlara birdən artıq sual ünvanlamağa cürəti olmayan telereportyorlar xanım direktoru əməlli başlı divara dirəmişdilər.
Aydın göründü ki, onlara “direktoru bacardıq qədər sıxın” təlimatı verilmişdi. 10 dəqiqə ərzində jurnalistlər hücumdaydı, direktor isə müdafiə olunurdu. Uğursuz və məntiqdən uzaq suallar çarpaz olaraq hər tərəfdən yağdırılırdı. Cavan görkəmli xanım direktor təslim yox, məharətlə müdafiə olunurdu.
Onun dik duruşu, bütün suallara səlis və sərrast cavab verməsi, yeri gələndə hüquqi prosedurlara tam riayət edərək, sualdan yayınmaq bacarığı məni valeh etdi. Onun iş prinsipi barədə nəsə deyə bilmərəm. Bəlkə də yuxarıda sadaladığım rüşvət mexanizmi onun da məktəbində fəaliyyət göstərir, bəlkə də belə neqativlikləri heç yaxına buraxmır. Nədənsə, ikinci versiyaya inamım azdır.
Ancaq əminliklə deyə bilərəm ki, təhsil sistemi bu səhnəcikdə özü üçün yeni bir unikal kadrı kəşf etdi. Şagirdinin etdiyi nalayiq hərəkətə görə direktorun birbaşa olmasa da , dolayı təqsiri var.
Bu, başqa məsələ. Amma hakimiyyətə hər zaman düzü danışan yox, lazım gələndə onları vəziyyətdən çıxara bilməyi bacaran kadrlar lazımdır. Əlində mikrafon olan 5-6 jurnalistin ilk raunda naqdauna salmağı bacaran xanım direktor bu baxımdan unikal tapıntıdır. Jurnalistlərin gücü onun üçüncü şəxsin adından dediyi “zarafat ediblər” ifadəsini qərəzli şəkildə direktorun adına yapışdırmadan başqa heç nəyə çatmadı.
İnanmırsınızsa bu xanımın bundan sonrakı karyerasını izləyin. Onu bu hadisəyə görə “vurmayacaqlar”, əksinə, irəli çəkəcəklər. Buna bənzər bir proqnozu Sərhəd Xidmətinin general-leytenantı Əfqan Nağıyevin həbsi zamanı, elə bu həcmdə yazı ilə vermişdim.
Həmin yazı səhifəmdə və internet resurslarında qalır. Əfqan Nağıyevin öz kabinetində qoluna qandal vurularkən - dik baxışlarını, özünü aparma tərzini təhlil edib yazmışdım ki, o, əsl general davranışı nümayiş etdirdi, özünü sındırmadı. Bunun üçün də, tez zamanda mükafatlandırılacaq.
Nəticədə proqnozum özünü doğrultdu. General Əfqan Nağıyev ona elan olunan ağır ittihamlara baxmayaraq, tez bir zamanda həbsdən azad edildi. 44 günlük müharibədə böyük qəhrəmanlıq göstərərək, ən ali təltiflərə layiq görüldü. Bu baxımdan da bilin ki, ekstremal şərait hakimiyyətə həm də kadrların seleksiyası üçün əhəmiyyətlidir. 156 saylı məktəbin direktorunu gələcək karyera yüksəlişi münasibəti ilə indidən təbrik edirəm…
Məhəmmədəli Qəribli