HƏMAS lideri Yəhya Sinvarın Qəzza zolağından tunellərlə Misirə qaçdığı iddia edildi…
Oktyabrın 7-də HƏMAS-ın basqınından sonra İsrailin hər yerdə axtardığı HƏMAS lideri Yəhya Sinvarın harada olduğu məlum deyil. İsrail ordusunun amerikalıların köməkliyi ilə pilotsuz uçuş aparatları və digər texnoloji avadanlıqlardan istifadə etməklə apardığı axtarışlar son 137 gündə heç bir nəticə verməyib.
Səudiyyə Ərəbistanının “Elaph” qəzetinin yazdığına görə, “Həmas” lideri Yəhya Sinvar və qardaşı Məhəmməd Qəzza zolağının ən cənub hissəsi olan Rəfahdakı tunellərdən istifadə edərək Misirə qaçıblar.
Qəzet İsrail təhlükəsizlik rəsmisinə istinadən yazır ki, Sinvar qardaşlarının yanında girovlar da olub. “Elaph”a danışan mənbə İsrailin son illərdə Qəzza ilə Misir arasında 10 böyük tuneli izlədiyini, sözügedən tunellərdən hətta avtomobillərin belə keçə bildiyini deyib.
İsrail televiziyasının 12-ci kanalına danışan bir məmur “Elaph” qəzetinin xəbərini təkzib edib. “Times of Israel” isə, İsrail ordusunun keçən həftə Yəhya Sinvarın ayağında tərliklərlə tuneldə gəzdiyini göstərən görüntünü paylaşdığını xatırladır. Dünyada rezonans doğuran video oktyabrın 10-da çəkilib.
İsrail iki həftədən sonra beşinci ayına girən savaşda Yəhya Sinvarı, eləcə də HƏMAS-ın hərbi qanadının lideri Məhəmməd Deyf və onun müavini Mərvan İsanı ələ keçirə bilməyib.
Qəzza zolağı cənubunda yer alan Misir ordusu İsrail ordusunun Rəfah şəhərini hədəfə alan mümkün quru hücumuna görə hazır vəziyyətə gətirilib. Qahirə administrasiyası xüsusilə İsraildə ifrat sağçı nazirlər tərəfindən irəli sürülən fələstinlilərin Sinay yarımadasına köçürülməsi ideyasına qəti şəkildə qarşı çıxır. Sərhəd xətti 1979-cu ildə sülh sazişi imzalayan Misirlə İsrail arasında ən həssas məsələdir.
Tahir TAĞIYEV