Azərbaycan Türkiyənin ordu modelinə tam keçməyə hazırlaşır...
Ramil Məmmədli: “Komando birlikləri böyük peşəkarlıqla Qarabağda antiterror əməliyyatlarını apardılar”
“Antiterror əməliyyatı bir daha onu göstərdi ki, Türkiyənin Ordu modeli Azərbaycanda artıq tam oturuşub”. Bu sözləri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında deyib.
Ölkə başçısının sözlərinə görə, iki ölkə arasında hərbi əməkdaşlıq önəmli istiqamətlərdən biridir: “Əməkdaşlığımızın önəmli istiqamətlərindən biri də hərbi sahədə işbirliyidir. Bizim ordularımız bir yumruq anlamına gəlib, hər il ən azı 10 hərbi təlim həm Türkiyədə, həm Azərbaycanda keçirilir və beləliklə, bizim hərbi gücümüz daha da artır. İkinci Qarabağ savaşı və ondan sonra düz 5 ay əvvəl keçirdiyimiz antiterror əməliyyatı bir daha onu göstərdi ki, Türkiyənin Ordu modeli Azərbaycanda artıq tam oturuşub”.
“Əməliyyatın sürətli və uğurlu olmasını şərtləndirən faktorlardan biri də yeni modelə keçidin bəhrəsi idi”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən hərbi ekspert Ramil Məmmədli hesab edir ki, həqiqətən də ordumuzda Türkiyə modeli oturuşur: “ Bir məqamı xüsusilə qeyd etmək lazımdır ki, məhz 2020-ci ildən sonra Azərbaycan Ordusu sözün əsl mənasında özünün yenilənmə dövrünə başladı. Yeni hərbi birləşmələrin yaradılması, quru qoşunlarının bazasında Komando hərbi birləşməsi, eyni zamanda silah-texnika parkının yenilənməsi kimi layihələr həyata keçirildi. Bununla yanaşı, ordunun yenidən formalaşdırılması, neqativ halların aradan qaldırılması istiqamətində atılan addımlar getdikcə öz bəhrəsini verməyə başlayıb. Bütün bunların ərsəyə gəlməsində Ali Baş Komandanın müstəsna xidmətləri var. Çünki 44 günlük Vətən müharibəsi bitən kimi Prezident İlham Əliyev ordunun Türkiyə modelinə keçməsini bəyan etdi. İşğaldan azad edilmiş Hadrutda, Kəlbəcərdə Komando birlikləri yaradıldı. Bu birliklərin təşkilində bilavasitə döyüş təcrübəsi olan yüksək rütbəli hərbiçilər iştirak edirdilər. Həmin Komando birlikləri bir sutka ərzində böyük peşəkarlıqla Qarabağda uğurla antiterror əməliyyatlarını həyata keçirdilər. Bu, misli görünməmiş uğurlu əməliyyat idi. Həm sürətli şəkildə erməni hərbi birləşmələri zərərsizləşdirildi, həm də mülki obyektlərə zərər vurulmadı. Bu, çox mükəmməl və uğurlu əməliyyat idi. Əməliyatın sürətli və uğurlu olmasını şərtləndirən faktorlardan biri də yeni modelə keçidin bəhrəsi idi. Digər tərəfdən, 44 günlük müharibənin təhlili göstərdi ki, motaatıcı taborlar və birləşmələr döyüş əməliyyatlarında effektiv deyil. Ona görə də yeni ordu birləşmələrinin yaradılması olduqca zəruri idi”.
Vidadi ORDAHALLI