Kreml Paşinyanın Ukrayna siyasətini unuda bilmədi...
Ramiyyə Məmmədova: “Paşinyanın Rusiya ilə münasibətlərini gərginləşdirməsinin bizə heç bir ziyanı yoxdur, əksinə faydası var”
Nikol Paşinyan 1991-ci il Almatı Bəyannaməsini Rusiyanın da imzaladığını vurğulayaraq, bu bəyannamə əsasında Ukraynanın ərazi bütövlüyünün tanınmasının Kremlin öhdəliyi olduğunu bildirib. Başqa sözlə, Paşinyan Rusiyanın Ukraynada işğalçı müharibə apardığını təsdiqləyib.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukraynadakı vəziyyətlə bağlı Moskva və İrəvanın mövqelərindəki fərq barədə danışan Paşinyanın bəyanatını şərh edərkən deyib:
“Həqiqətən də Ukraynada baş verənlərə və Ukrayna ətrafındakı münaqişəyə dair diametral şəkildə əks mövqelərimiz var. Bu sirr deyil. Bu, məlum mövqedir”.
Peskov vurğulayıb ki, Rusiya İrəvanın bu mövqeyi ilə razı deyil və israrla haqlı olduğunu izah etməyə davam edəcək.
Paşinyanın Rusiyaya qarşı yenidən demarşa qalxması nədən xəbər verir?
Siyasi şərhçi Ramiyyə Məmmədova “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Paşinyanın bu addımları təsadüfi deyil: “Hazırda regionda maraqlı proseslər gedir. Böyük güclər öz nüfuzlarını qoruyub saxlamaq istəyir. Hətta açıq seçim etməkdən də çəkinmirlər. Rusiya da belə seçimi edir. İllər uzunu, 30 il bundan əvvələ qayıtsaq, Rusiyanın Ermənistana açıq havadarlıq etdiyi üzə çıxır. Hətta Ermənistana bizim toprqalarımızı işğal etmək üçün şərait də yaratdılar. Orda törədilən bütün qətliamlar Rusiyanın dəstəyi ilə həyata keçirilib. Bu da ermənilərdə arxayınlıq yaratdı. Onlar sanki belə düşünməyə başladılar ki, Rusiya bütün məqamlarda onları dəstəkləməlidir. Tarix göstərdi ki, kritik məqamda Ermənistan Rusiyanı da satdı. Qərbin dəstəklədiyi siyasətçi olan Paşinyan hakimiyyətə gələndən sonra Ermənistanda anti-Rusiya tədbirləri gücləndirildi. Bu da iki ölkə arasındakı münasibətləri daha da kəskinləşdirdi. Son müharibədə Rusiyanın neytral qalması Ermənistanı daha da Moskvadan kənarlaşdırdı. Paşinyanın Rusiyaya qarşı öz neqativ münasibətini dəfələrlə göstərib. Roma Statutunu ratifikasiya etməklə, sübut olunur ki, onların münasibəti çox gərgin fazaya qədəm qoyub. Azərbaycana qarşı Rusiyanın mövqeyi çox dəyişib. Ukrayna ilə Rusiya arasındakı müharibə bizim Etmənistanla münasibətimizdən çox fərqlənir. Orada Qərb Rusiya ilə açıq vuruşur. Burada isə Ermənustanı önə verib. Paşinyanın bu məsələfə anti-Rusiya mövqeyi tutması bəllidir. Çünki o bu üsulla həm də Qərbə “sədaqətini” nümayiş etdirmək istəyir. Ermənistanın işğalçılıqdan danışmağa haqqı yoxdur. Buna qalsa, düz 30 il ərazilərimizi işğal altında saxladı. Hələ də sülh müqaviləsini imzalamamaqla həmin niyyətlərindən əl çəkmək istəmirlər. Paşinyanın Rusiya ilə münasibətlərini gərginləşdirməsinin bizə heç bir ziyanı yoxdur, əksinə faydası var”.
Məhəmmədəli QƏRİBLİ