Yeni Bakı-Sumqayıt-Bakı yolu belə ola bilər - FOTO
Bakı-Sumqayıt-Bakı mövcud yoluna alternativ "Yeni yol" layihəsi ictimaiyyətə təqdim edilib.
Baki-xeber.com xəbər verir ki, yeni layihəni jurnalistlərin iştirakı ilə ictimaiyyətə nəqliyyat məsələləri üzrə ekspert, layihə rəhbəri Aslan Əsədov təqdim edib.
A.Əsədov hesab edib ki, "yeni yol" layihəsi mövcud Bakı-Sumqayıt-Bakı yoluna alternativ, sözügedən istiqamətdə gediş-gəlişi rahat təmin etmək imkanına malik olacaq:"Bir sözlə, layihə şəhər yollarında tıxac məsələsinin həllinə dəstəkdir. Bakının üç tərəfi təpəlik ərazi, bir tərəfi isə dənizdir. Bakının təpəlik reylef ərazidə yerləşməsi şəhərin giriş-çıxış yollarının yaradılmasına maneə törədir. Bakının iki cənub, bir şimal girişi var. Digər ərazidən isə yoxdur. Şəhərin giriş-çıxışının məhdudluğu problemlər yaradır. Şəhər nəqliyyatına qoyulan investisiyaya baxmayaraq, reylef sözünü deyir”.
Layihə üç mərhələli olaraq Bakı șəhəri Binəqdi rayonu və Abşeron rayonu ərazilərni əhatə edir.
Birinci mərhələ Binəqədi rayonu 9 mkr ərazisində tikintisi aparılacaq tunel və ya dolayı yol çəkilişidir. Bu, Abşeron rayonu Masazır, Saray qəsəbələrini, Binəqədi rayonu Biləcəri, Binəqədi qəsəbələrini əhatə edəcək.
İkinci mərhələ küçələrin genişləndirilməsi ərazi üzrə yaşayış və qeyri yaşayış evlərinin satın alınması və plana düșəcək yaşayış və ya qeyri yaşayış sahələrinin təyin edilməsi və sökülməsidir.
Üçüncü mərhələ yol ilə kəsişəcək yol və qovşaqların tikilməsi və təyinidir.
Böyük hissəsi Binəqədi rayonu Binəqədi, Biləcəri qəsəbələri və Abşeron rayonu Masazır qəsəbəsi ərazisinə düşür.
İlkin mərhələdə yolun 2 gediş, 2 gəliş olmaqla 4 zolaqlı olması nəzərdə tutulur. Torpaq yatağının eni 16 metr olacaq. Gələcəkdə 8 zolağa genişləndirmək mümkün ola bilər.
Nəqliyyat məsələləri üzrə ekspertin hazırladığı layihənin bu əraziləri əhatə edəcəyi planlaşdırılır: "Bakı-Sumqayıt şəhəri istiqamətində, 4 mkr dairəsi, 9-6 mkr ərazisi, Zərifə Əliyeva adına Göz Klinikasının yaxınlığı, Mircəlal küçəsi, Cavadxan küçəsi, Heydər Məscidinin yaxınlığı, Həmzə Babaşov və Rezervuar küçələri.
Biləcəri məscidinin yanı - Məmiş Abbasov küçəsi, Nəsimi küçəsi - Yəhya Hüseynov küçəsi - Əhməd Qasımov küçələrinin kəsişməsi ("Mehriban” marketin yanı) - Əhməd Qasımov küçəsi-Baksolyolu kəsişməsi - Məlik Abbasov küçəsi - 1-ci mədən küçəsi - Binəqədi qəsəbəsi, neftlə çirklənmiş ərazilər. Əlağa Şıxlınski küçəsi (Duz zavodunun yanı) - Mübariz İbrahimov kəsişməsi düz istiqaməti - İlqar Abdullayev kəsişmə - Saray-Novxanı yolu -Heydər Əliyev küçəsi - General Məhəmməd Əsədov küçəsi - Son məntəqə Sumqayıt şəhəri Daş tikinti bazarının yanı. 30 irili-xırdalı küçə kəsişəcək.
Yol düz xətt boyunca 16 km.-i əhatə edəcək. Smeta xərcləri iki hissəyə ayrılır:
1. Torpaq sahələrinin satınalınması.
2. Yol yatağının salınması və çəkilməsi. Layihənin icra müddəti 3 ildir. Layihənin dəyəri isə 12 milyon manatdan bir qədər artıqdır.
Yeni yol çəkilərsə, ərazidə yașayan əhaliyə hansı üstünlükləri verə bilər?
Aslan Əsədov hesab edir ki, sözügedən istiqamətdə yol çəkilərsə, Biləcəri, Binəqədi, Novxanı, Masazır ərazisində mənzil qiymətləri dəyişəcək: "Ərazidə məsğulluğun, yeni iş yerlərinin açılması baş verəcək. Yerli ərazi də mərkəzi tipik ərazi sisteminə daxil olacaq. Kanalizasiya, içməli su, internet kimi sosial layihələrin tipik həllərində sıçrayış olacaq. Torpaq və yaşayış sahələrinin qiymətlərinin artması, Biləcəri, Masazır, Saray, Novxanı qəsəbələrinin Nəsimi metrosuna əlçatanlığını asanlaşdıracaq. Kanat, funiklyor inşası ilə ərazidə şəhər turizminin inkişaf edə, turizmin digər elementləri yaradıla bilər. Ərazidə yerləşən Biləcəri Dəmir yol stansiyasının əhəmiyyəti artacaq. Ən əsası digər şəhər və rayonlara gediş-gəlişi asanlasdıracaq”.