Sağam gələcək naminə “ağ ölüm”ə “yox” deyildi - Cəlilabadda...
Cəlilabadda sonu ölüm, fəlakət olan narkomanlığa qarşı mübarizə tədbirləri ciddi şəkil alıb. Rayonda gələcəyini düşünən hər bir kəs bu sahədə görülən işlərə qoşulmağı özünə mənəvi borc bilir. Əsrin bəlasına qarşı növbəti tədbir rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Uzuntəpə kənd mədəniyyət evində keçirildi.
"Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək" adlanan tədbirdə rayon icra hakimiyyəti başçısı aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Xumarə Xəlilova, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Günay İbadova, Uzuntəpə kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Loğman Hüseynov, rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun baş inspektoru Anar Atakişiyev, rayon təhsil sektorunun aparıcı-məsləhətçisi Tacəddin Əli və rayon gənclər və idman sektorunun əməkdaşı Salamat Nəcəfov iştirak edirdlər.
Narkotik vasitələrin insan orqanizminə göstərdiyi mənfi təsirlər və gələcəkdə sağlamlığa törədəcəyi ağır fəsadlar barədə danışan natiqlər yeniyetmə və gəncləri bu zərərli vərdişlərdən uzaq durmağa çağırdılar. Eyni zamanda problemin həllində əsas addımlardan birinin təbliğat və maarifləndirmə işini genişləndirmək olduğunu vurğulayaraq, narkotik maddələrin qəbul edilməsi ilə insanın fiziki, mənəvi və psixoloji cəhətdən məhv olduğunu bildirdilər. Natiqlər daha sonra dedilər: “Bəşəriyyət üçün böyük bəla olan narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizə indi xüsusilə aktual xarakter daşıyır. Həmçinin yetkinlik yaşına çatmayanların və gənclərin təlim-tərbiyəsinə, məşğulluğuna, asudə vaxtlarının səmərəli təşkilinə xüsusi diqqət göstərməli, idman, incəsənət və ictimai faydalı əməklə məşğul olmaları üçün şəraitin yaradılmalı, narkotiklərə meylli şəxslər barəsində vaxtında qabaqlayıcı, profilaktik tədbirlərin aparılması olduqca vacibdir”.
Tədbir iştirakçıları ən çox düşündürən suallar ətraflı cavablandırmaqla müzakirə formatında yekunlaşdı.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü