O layihələri vaxtında icra etməsəydi, Azərbaycan üçün çox çətin olardı...
Firdovsi Şahbazov: “2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə veriləndə bəziləri buna dodaq büzürdü”
“Bizim üstünlüyümüz ondan ibarətdir ki, biz vaxtilə bütün lazımi infrastruktur layihələrini icra etmişik”. Bunu Prezident İlham Əliyev andiçmə mərasimindəki çıxışı zamanı deyib.
Ölkə başçısının fikrincə, geosiyasi vəziyyət dəyişməsə, bizim nəqliyyat infrastrukturumuza olan ehtiyac daha da artacaq: “Bu gün Azərbaycan dünya miqyasında nəqliyyat mərkəzi kimi qəbul edilir. Bizə həm Qərbdən, həm Şərqdən, həm Şimaldan, həm Cənubdan müraciətlər daxil olur. Azərbaycan ərazisində bütün nəqliyyat infrastrukturu işlək vəziyyətdədir. Sadəcə olaraq bəzi dəmir yollarında modernləşdirmə işləri aparılmalıdır və biz bunu da edirik. Dünyadakı geosiyasi vəziyyətin yaxın gələcəkdə dəyişməsi, yəqin ki, mümkün deyil. Belə olan halda bizim nəqliyyat infrastrukturumuza olan ehtiyac daha da artacaq. Bizim üstünlüyümüz ondan ibarətdir ki, biz vaxtilə bütün lazımi infrastruktur layihələrini icra etmişik”.
“Müasir nəqliyyat infrastrukturuna malik olan Azərbaycan bu baxımdan daha cazibədardır”
Məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən iqtisad üzrə fəlsəfə doktoru Firdovsi Şahbazovun fikrincə, zamanında Azərbaycan öz imkanları hesabına bu infrastrukturları yaratmasaydı, indi belə üstünlüklərə malik olmazdı: “Bəli, zamanında Azərbaycan nəqliyyat infrastrukturunun inkişafına böyük sərmayələr qoyub. 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə veriləndə bəziləri buna dodaq büzürdü. O cümlədən, xarici media resursları, araşdırma mərkəzləri bunun səmərəsiz olacağını deyirdilər. Bunu onunla əsaslandırmağa çalışırdılar ki, guya bu yola tələbat az olduğu üçün dəmir yolu rentabelsiz olacaq və s. Ancaq bu gün BTQ-nin yükdaşıma potensialı 1 milyon tondan 5 milyon tona çatdırılması ilə bağlı ciddi iş gedir. Niyə? Ona görə ki, Azərbaycan üzərindən daşımalar sürətlə artır. Azərbaycan geniş Avrasiya coğrafiyasının çox mühüm nəqliyyat hablarından biri kimi qəbul olunur. Rusiya-Ukrayna müharibəsi səbəbindən bir sıra ölkələr, daşıma şirkətləri alternativ nəqliyyat-logistika marşrutları ilə bağlı araşdırmalar aparır. Daha təhlükəsiz və iqtisadi baxımdan səmərəli marşrutların önəmi isə artmaqdadır. Belə bir şəraitdə nəzərlər Azərbaycana yönəlir. Çünki müasir nəqliyyat infrastrukturuna malik olan Azərbaycan bu baxımdan daha cazibədardır. Hazır infrastruktura sahibdir. Azərbaycanın coğrafi yerləşməsi elədir ki, ölkəmizin ərazisindən bir neçə beynəlxalq nəqliyat dəhlizi keçir. Ölkəmiz bu gün Avropa ilə Asiya arasında ən optimal və təhlükəsiz marşrutlar sayılan Şərq-Qərb, Şimal-Cənub və Transxəzər dəhlizləri üzrə geniş imkanlar təqdim edir. Bəhs olunan dəhlizlərdə Avrasiyanın müxtəlif dövlətləri təmsil olunurlar. Azərbaycan isə yeganə ölkədir ki, hər üç marşrutun ən fəal üzvüdür və onların inkişafına müstəsna töhfələr verir. Ona görə də bütün bunlar ölkəmizin üstün mövqeyini birəbeş artırır”.
Vidadi ORDAHALLI