Ermənistan hakimiyyətində Paşinyanın özündən də güclü fiqur üzə çıxdı...
Əli Orucov: “Qərb ehtiyat variant olaraq Simonyanı baş nazir postuna hazırlayır”
Ermənistanın Televiziya və Radio Komissiyası direktoru Ermənistan parlamentinin sədri Alen Simonyanın həyat yoldaşı Mariam Markaryanın olduğu Freenews kanalına qarşı icraatı dayandırıb.
Komissiyanın keçirdiyi iclasın qərarında deyilir: “Məbləği şirkət ödədiyi üçün istehsal dayandırılıb”.
Beləliklə, telekanala heç bir cərimə tətbiq edilməyib.
Bundan başqa, fevralın 1-də Simonyanın qardaşı Karlen Simonyanın həyat yoldaşı Ani Gevorqyan saxlanılmışdı. Gevorqyan Ermənistanın İqtisadiyyat Nazirliyində korrupsiya işi çərçivəsində saxlanılmışdı. Sui-istifadə və fırıldaqçılıqda ittiham olunan Gevroqyanın həbsi üçün məhkəməyə vəsatət verilib. Ancaq buna baxmayaraq, Simonyanın qardaşı arvadı da həbsdən azad edilib.
Görünən odur ki, A.Simonyan Ermənistanda hakimiyyətin içində hamıdan güclü çıxır. Öz arvadını məlum araşdırmalardan kənarda saxladı, qardaşı arvadını həbsdən çıxardı. Belə məlumatlar da var ki, Simonyanı Qərbin növbəti namizədi kimi Paşinyandan sonrakı dövr üçün hazırlayırlar. Nəzərə alsaq ki, Simonyan bütün bu oyunlardan ustalıqla çıxır və rəqiblərini udur, o zaman bu versiya nə dərəcədə realdır?
“Düzdür, parlamentdə hakim “Vətəndaş ittifaqı” çoxluğa malikdir, amma hakimiyyətdaxili qarşıdurma...”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP funksioneri Əli Orucov ümumən bu versiyanı real hesab edir: “Çünki Ermənistanda belə vəziyyətin yaranmasını bir sıra amillər şərtləndirir. Məsələ ondadır ki, son aylar baş nazir Nikol Paşinyanın reytinqi xeyli düşüb. Bunu ölkədə aparılan bir sıra sorğular da təsdiq edir. Belə ki, yanvarda GALLUP-ın keçirdiyi sorğunun nəticələrinə görə, respondentlərin 66,4 faizi Paşinyana etibar etmir. Eyni zamanda, son günlər Ermənistan cəmiyyətində və mediasında Paşinyanın devriləcəyi, onun yerinə Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın gələcəyi iddiaları səsləndirilir. Paşinyanla komandasında və yaxın çevrəsində olan Qriqoryan arasında gizli mübarizə başlayıb. Bununla yanaşı, iddia edilir ki, parlament sədri Simonyan da baş nazir olmaq üçün hərəkətə keçən siyasilər arasındadır. Simonyanın öz arvadı ilə bağlı məlum araşdırma və qardaşı arvadının saxlanılması da hakimiyyətdaxili çəkişmənin nəticəsidir. Qərb ehtiyat variant olaraq Simonyanı baş nazir postuna hazırlayır. Əgər Paşinyan hakimiyyəti toparlaya bilməsə, o zaman baş nazir postuna Simonyan gətirilə bilər. Düzdür, parlamentdə hakim “Vətəndaş ittifaqı” çoxluğa malikdir, amma hakimiyyətdaxili qarşıdurma kəskinləşərsə, o zaman hakimiyyətdə parçalanma qaçılmaz olacaq. Qərb həm də ona görə Simonyana önəm verir ki, o, Rusiyaya qarşı daha sərt mövqedən çıxış edir. Hər halda, qarşıdakı bir neçə ayda bir sıra məsələlər tam ortaya çıxacaq”.
Vidadi ORDAHALLI