Türkiyədə əmlak alan Azərbaycan vətəndaşlarının sayı azalır - yaxşıdır, ancaq niyə?..
Kamran Məmmədli: “Vətəndaşlarımız daha çox İstanbulun mərkəzi yerlərində mənzil almaqda maraqlıdılar, ancaq burada qiymət…”
2024-cü ilin yanvar ayında Azərbaycan vətəndaşları Türkiyədə 52 daşınmaz əmlak satın alıblar ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 13 obyekt azdır. Bu barədə TurkicWorld-ə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanından bildirilib.
Qeyd edək ki, bu ilin yanvar ayında Türkiyədə əmlak satışları 2023-cü ilə nəzərən 17,8 faiz azalaraq 80 min 308 olub.
Maraqlıdır, Azərbaycan vətəndaşlarının Türkiyədə əmlak alması hansı səbəbdən azalıb?
“Azərbaycan vətəndaşlarının Türkiyədə ev almasında azalmanın müşahidə olunması məhz qiymətlərlə bağlıdır”
Iqtisadçı Kamran Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu, məhz qiymətlərlə bağlıdır. Qiymətin yüksəlməsi azərbaycanlıların Türkiyədə ev almasına marağı kəskin şəkildə azaldıb: “Əvvəlki illərdə qiymət ucuz olduğuna görə vətəndaşlarımız aldıqları evi rahatlıqla kirayə verə bilirdilər. Lakin indiki məqamda daşınmaz əmlak üçün təyin olunan yüksək qiymət alıcılıq qabiliyyətini azaldıb. Ona görə də azərbaycanlıların reytinqdəki mövqeyi də geriləyib”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, vətəndaşlarımız daha çox İstanbulun mərkəzi yerlərində mənzil almaqda maraqlıdılar. Halbuki, həmin ərazilərdə qiymətlər daha yuxarıdır. Azərbaycandan Türkiyəyə yaşamaq, işləmək üçün gedənlərin sayının artması orada mənzil alanların sayına təsir edir: “Danılmaz faktdır ki, Türkiyədə yaşayan azərbaycanlıların sayı durmadan çoxalır. Azərbaycandan Türkiyəyə axın hər il artır. Onlar oraya yaşamaq, işləmək, müvəqqəti məskunlaşmaq, oxumaq üçün gedirlər. Bu da öz növbəsində qardaş ölkədə mənzilə sahib olanların sayına təsir edir”.
Ekspert onu da vurğuladı ki, 2021-ci ilə qədər Türkiyədə daşınmaz əmlakların qiymətləri sabit idi. Artım çox cüzi şəkildə müşahidə olunurdu: “Rusiya-Ukrayna müharibəsi nəticəsində Türkiyəyə ciddi axın müşahidə olunmağa başladı. Xüsusən də Avropada, Amerikada yaşayan rus iş adamları, Rusiya vətəndaşları, həmçinin Ukrayna və digər ölkələrdən gələn xarici vətəndaşlar Türkiyədən daşınmaz əmlak almağa üstünlük verdilər. Bu cür kütləvi axın Türkiyənin öz qanunvericiliyində dəyişiklik etməsinə yol açdı. Əvvəlki illərdə Türkiyədə 250 min dollar məbləğində daşınmaz əmlak alan turistə Türkiyə vətəndaşlığı verilirdi. Dəyişiklikdən sonra müəyyən olunan məbləğ artırıldı və 400 min dollar civarında oldu. Xarici vətəndaş Türkiyə vətəndaşı olmaq üçün ev almaq istəyirsə, bu halda 400 min dollar xərcləməlidir”.
Günel CƏLİLOVA